AMEA İqtisadiyyat İnstitutunda 2019-2021-ci illərdə yerinə yetiriləcək elmi-tədqiqat plan işlərinin müzakirəsinə həsr olunmuş iclas keçirilib.
Tədbirdə institutun direktoru, professor Nazim Müzəffərli rəhbərlik etdiyi elmi müəssisənin 1958-ci il aprelin 14-də Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə yaradıldığını və bunu əsas götürərək aprelin 14-nün “İnstitut Günü” elan olunduğunu deyib.
Sonra institutun elmi işlər üzrə direktor müavini, iqtisad üzrə fəlsəfə doktoru Allahyar Muradov 2019-2021-ci illərdə yerinə yetiriləcək elmi-tədqiqat plan işləri haqqında təqdimatla çıxış edib. O, “Azərbaycanın sosial-iqtisadi inkişafı və beynəlxalq müqayisəli reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması istiqamətləri (2019-2021-ci illər)” mövzusunda aparılacaq tədqiqatlar barədə geniş məlumat verib.
Digər çıxış edənlər beynəlxalq müqayisəli reytinqlər və onlarda ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılmasının əhəmiyyətini vurğulayıblar.
Daha sonra elmi-tədqiqat plan işləri ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, İqtisadiyyat İnstitutu direktorunun əmrinə əsasən hər il aprelin 14-ü burada “İnstitut Günü” kimi qeyd olunacaq, bununla bağlı müxtəlif tədbirlər keçiriləcək, işində xüsusi fərqlənən əməkdaşlar mükafatlandırılacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.