AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) bu qurumun və Rusiya Elmlər Akademiyasının N.V.Puşkov adına Yer Maqnetizmi, İonosferi və Radiodalğaların Yayılması İnstitutunun (İZMİRAN) birgə təşkilatçılığı ilə “Günəş-Yer fizikasının aktual problemləri” mövzusunda beynəlxalq seminar keçirilib.
Tədbirin əsas məqsədi Azərbaycan və Rusiya alimləri arasında Günəş və Günəş-Yer əlaqələrinin fizikası sahəsində əməkdaşlığın mövcud vəziyyəti və perspektivlərinin müəyyənləşdirilməsi ilə bağlı müzakirələrin aparılması olub.
Seminarı Bakı Dövlət Universitetinin rektoru, ŞAR-ın direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elçin Babayev açaraq ölkəmizdə müxtəlif beynəlxalq elmi tədbirlərin keçirilməsinin Azərbaycanın uğurlu daxili və xarici siyasətinin nəticəsi olduğunu bildirib və iştirakçılara uğurlar arzulayıb.
Sonra çıxış edən ŞAR-ın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov tədbiri yüksək səviyyəli təşəbbüs kimi dəyərləndirib və elmi-tədqiqat müəssisələrinin birgə əməkdaşlıq tarixindən danışıb.
Rusiyalı professorlar - Vladimir Kuznetsov və Vladimir Obridko isə seminarın tədqiqatçılara böyük töhfə verəcəyini vurğulayıblar.
Daha sonra hər iki ölkənin alimlərinin son illərdə əldə etdikləri mühüm elmi nəticələrə həsr olunmuş məruzələr dinlənilib. Alimlər toqquşmasız plazma mühitində müxtəlif dayanıqsızlıqların 16-momentli köçürmə tənlikləri əsasında tədqiqi üzrə ŞAR-da və İZMİRAN-da alınan nəzəri nəticələr barədə ətraflı məlumat veriblər. Nəticələrin Günəş küləyinə tətbiqi və təcrübi məlumatlara uyğunluğu barədə gənc alimlərin çıxışı da maraqla qarşılanıb.
Bundan əlavə, Günəşdə baş verən qeyri-stasionar proseslərə dair tədqiqatların nəticələri, onların Yer biosferinə təsiri üzrə araşdırmaların gələcək perspektivləri müzakirə edilib.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.