Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

24.04.2019 17:07
  • A-
  • A
  • A+

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

Aprelin 24-də Azərbaycan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib. 

Tədbiri AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq gündəlikdə yer alan məsələlər haqqında məlumat verib.

Daha sonra iclasda bir sıra elmi-təşkilati məsələlərə baxılıb. İlk olaraq AMEA-nın Ümumi yığıncağının 8 iyun 2018-ci il tarixli qərarının icrası ilə bağlı müzakirə aparılıb. Akademik Akif Əlizadə bildirib ki, qarşıya qoyulan vəzifələri və müəyyən edilən prioritetləri rəhbər tutaraq ötən il akademiyanın müvafiq institut və təşkilatlarında elmi potensialın ölkənin müdafiə, enerji, ekoloji və ərzaq təhlükəsizliyinin təmin edilməsinə yönəldilməsi, innovasiya fəaliyyətinin genişləndirilməsi, kosmik tədqiqatların gücləndirilməsi və kimya sənayesinin yeni əsaslarla formalaşdırılması istiqamətində mühüm işlər görülüb.

AMEA rəhbəri Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun qorunması və inkişaf etdirilməsi, Azərbaycan tarixinin obyektiv elmi prinsiplərlə araşdırılması, ölkənin demoqrafik vəziyyətinin respublikanın sosial-iqtisadi inkişaf perspektivləri baxımından kompleks öyrənilməsi, sənayenin və kənd təsərrüfatının inkişafı prosesində elmin rolunun artırılması və digər istiqamətlərdə də əhəmiyyətli tədbirlərin həyata keçirildiyini deyib. Akademik AMEA əməkdaşlarının sosial problemlərinin həlli istiqamətində görülən işlərin ötən il də davam etdirildiyini, alimlərin güzəştli mənzil təminatı sahəsində müvafiq tədbirlərin həyata keçirildiyini vurğulayıb. Qeyd edib ki, AMEA-da təhsil alan doktorant və magistrantların tədris müddətində yaşayış yeri ilə təmin edilmələri istiqamətində də müvafiq işlər görülüb.

Müzakirədən sonra Rəyasət Heyəti qeyd olunanları nəzərə alaraq, AMEA-nın Ümumi yığın­cağının 8 iyun 2018-ci qəra­rının icrası ilə bağlı görülmüş işləri qənaətbəxş hesab edib.

Tədbirdə AMEA-nın Kimya Elmləri Bölməsinin akademik-katibi vəzifəsini icra edən, akademik Vaqif Fərzəliyevin 80 illik yubileyi ilə bağlı məsələyə baxılıb. Alimin AMEA-nın Fəxri fərmanı ilə təltif olunması, biblioqrafiyasının hazırlanması, yubiley iclasının keçirilməsi qərara alınıb. Digər qərarlarla AMEA-nın müxbir üzvləri - Kazım Ələkbərov və Məmməd Emin Salayevin 110 illik yubileylərinin qeyd edilməsi nəzərdə tutulub.

Rəyasət Heyəti Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2019-cu ilin "Nəsimi ili" elan edilməsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi və AMEA-nın Aşqarlar Kimyası İnstitutunun strukturunda qismən dəyişiklik edilməsi barədə də qərar verib.

Tədbirdə AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Samirə Rüstəmovanın Almaniyanın Bonn Universitetinə, institutun kiçik elmi işçiləri - Gülnar Abdullayevanın Böyük Britaniyanın Oksford Universitetinə və Aynurə Paşayevanın Cənubi Koreyanın Pusan Milli Universitetinin Molekulyar Biologiya Departamentinə ezam edilmələri qərara alınıb.

Bundan əlavə, Rəyasət Heyəti aparatının Hüquq və Kadrlar şöbələri birləşdirilərək Kadrlar və hüququn təminatı şöbəsi adlandırılıb.

Sonda kadr məsələlərinə baxılıb. Rəyasət Heyətinin qərarları ilə AMEA-nın müxbir üzvü Dadaş Hüseynov Geologiya və Geofizika İnstitutunun elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Yeganə Lətifova isə həmin institutun elmi katibi vəzifələrinə təyin ediliblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: