Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

20.05.2019 09:31
  • A-
  • A
  • A+

Mayın 18-də Milli Azərbaycan Ədəbiyyatı Muzeyini üç mindən çox insan ziyarət edib

Mayın 18-də Milli Azərbaycan Ədəbiyyatı Muzeyini üç mindən çox insan ziyarət edib

Hər bir xalqın, millətin əsrlərboyu təfəkküründən süzülüb gələn hikmət, mədəniyyət sərvətini, tarix salnaməsini göz bəbəyi kimi qoruyan, sevgi ilə tanıdan məbədlərdir muzeylər... Ölkə tarixinin, soykökünün layiqincə yaşadılması üçün məhz muzey mirasının vacib olduğunu anlayan Beynəlxalq Muzeylər Şurası (ICOM) 1977-ci ildə mayın 18-ni Beynəlxalq Muzeylər Günü elan edib. Səksən ildir ki, ustad Nizaminin adı ilə Bakı şəhərinin ən gözəl guşəsində yerləşən Milli Azərbaycan Ədəbiyyatı Muzeyi xalqının bənzərsiz maddi, mənəvi sərvətini, əsrlərdən yol alıb gəlmiş mütəfəkkir, irfan, söz mirasını yaşadır və nəsillərə çatdırır. Mayın 18-də Beynəlxalq Muzeylər Günü münasibətilə Ədəbiyyat Muzeyində “Açıq qapı” günü keçirilib.

Gün ərzində bu elm və mədəniyyət ocağını 3482 insan ziyarət edib. Muzeyin əməkdaşları tamaşaçıları qarşılayaraq, onları ədəbiyyat və mədəniyyət dünyamızla tanış ediblər. Muzeyi orta məktəb şagirdləri, ali məktəblərin müəllim və tələbələri, əcnəbi qonaqlar ziyarət ediblər. Onlara Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri, muzeyin eksponatları, mühüm ədəbi faktlar barədə ətraflı məlumat verilib.

Aksiya vətəndaşların Azərbaycanın milli-mənəvi irsi ilə tanışlığına və cəmiyyətin mədəni maarifləndirilməsində muzeylərin rolunun dəstəklənməsinə yönəlib.

Beynəlxalq Muzeylər Günü münasibətilə AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Sergey Yesenin adına Rusiya-Azərbaycan ədəbi əlaqələr mərkəzində də “Açıq qapı” günü təşkil olunub. Gün ərzində muzey mərkəzini çox sayda insan ziyarət edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: