Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

21.05.2019 15:13
  • A-
  • A
  • A+

Rusiya Elmlər Akademiyası prezidentinin rəhbərlik etdiyi nümayəndə heyəti İnformasiya Texnologiyaları İnstitutunda olub

Rusiya Elmlər Akademiyası prezidentinin rəhbərlik etdiyi nümayəndə heyəti İnformasiya Texnologiyaları İnstitutunda olub

Ölkəmizdə səfərdə olan Rusiya Elmlər Akademiyasının (REA) prezidenti, akademik Aleksandr Sergeyevin rəhbərlik etdiyi nümayəndə heyəti AMEA İnformasiya Texnologiyaları İnstitutunda yaradılmış şəraitlə tanış olub. Görüşdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim ƏliquliyevFizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov, Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva və digərləri iştirak ediblər.

Əvvəlcə akademik Rasim Əliquliyev rəhbərlik etdiyi institutun yaranma tarixi barədə qonaqlara məlumat verib. O, müəssisədə İKT-nin müasir problemlərinə dair innovativ elmi tədqiqatların aparıldığını, informasiya texnologiyaları və informasiya cəmiyyətinin aktual elmi-nəzəri problemlərinin araşdırıldığını söyləyib. Alim institutun Elmi tədqiqatlar, Tədris-İnnovasiya, E-kitabxana, Multimedia, eləcə də AzScienceNet elm kompüter şəbəkəsinin Data Mərkəz, İnternet xidmətləri mərkəzləri, Şəbəkə təhlükəsizliyi və AzScienceCERT kimi şəbəkə əməliyyat mərkəzlərindən ibarət olduğunu diqqətə çatdırıb.

AzScienceNet şəbəkəsinin ölkədə elm və təhsil sahələrinin inteqrasiyasında böyük imkanlara malik olduğunu söyləyən akademik R.Əliquliyev bildirib ki, AMEA-nın elmi tədqiqat müəssisələri ilə yanaşı, ölkənin təhsil müəssisələri də institutun AzScienceNet şəbəkəsi və Data Mərkəzin xidmətlərindən yararlanmaq imkanlarına malikdir. Alim Data Mərkəzdə göstərilən xidmətlərdən bəhs edərək, burada hesablama və yaddaş resurslarından istifadə edərək mürəkkəb məsələlərin emalı və yadda saxlanmasına xidmət edən hesablama sistemlərinin mövcud olduğunu vurğulayıb.

R.Əliquliyev institutda Big Data analitika, kibertəhlükəsizlik, proqram mühəndisliyi, elektron elm, informasiya iqtisadiyyatı, sosial şəbəkələrin analizi və digər istiqamətlərdə elmi tədqiqatların innovativ tələblərə müvafiq aparıldığını qeyd edib. O, fundamental tədqiqatlar sahəsində REA ilə əlaqələrin inkişafı və möhkəmləndirilməsinin zəruriliyini vurğulayıb. Alim REA-nın A.A.Xarkeviç adına İnformasiyanın Ötürülməsi Problemləri İnstitutunun Paylanmış Hesablamalar Mərkəzi ilə uzunmüddətli sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu da diqqətə çatdırıb.

Akademik rəhbərlik etdiyi qurumun müvafiq dövlət proqramlarının icrasında yaxından iştirak etdiyini qeyd edərək institutun elektron elmin formalaşdırılmasına mütəmadi olaraq dəstək göstərdiyini bildirib.

İnstitut direktoru, həmçinin Tədris-İnnovasiya Mərkəzi barədə ətraflı məlumat verərək burada respublika üzrə bütün doktorant və dissertantlara informatika fənninin tədrisi və doktorluq imtahanının qəbulu, AMEA-nın magistrantlarına ümumi fənlərin tədrisi və imtahanların qəbulu, müəssisə və təşkilatların əməkdaşları, eləcə də digər şəxslər üçün informasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə kursların təşkili, distant kursların, seminar və konfransların təşkili, eləcə də ölkədə həyata keçirilən təhsilin informasiyalaşdırılması prosesinə elmi-metodoloji dəstəyin göstərilməsinin həyata keçirildiyini diqqətə çatdırıb.

REA-nın prezidenti, akademik Aleksandr Sergeyev institutda yaradılmış şəraiti yüksək qiymətləndirib, sual və təkliflərini səsləndirib.

Qeyd edək ki, akademik A.Sergeyevin rəhbərlik etdiyi nümayəndə heyətinə bu qurumun prezidentinin müavini Taliya Xabriyeva, REA Prezidentinin Katibliyinin rəhbəri Valeriya Belyanina və REA-nın Xarici əlaqələr idarəsinin rəisi Olqa Qluxovtseva daxildirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: