"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin konfrans zalında Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 101 illiyinə həsr edilmiş "AXC dövründə diplomatik əlaqələr" adlı konfrans keçirilib.
28 May – Respublika Günü münasibətilə gerçəkləşən silsilə tədbirlərdən olan bu elmi-praktik konfransda AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov "Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin millət quruculuğu fəaliyyətləri” mövzusunda məruzə ilə çıxış edib.
Akademik R.Hüseynov 101 il bundan əvvəl cəmi 23 ay ömür yaşamış Şərqin ilk demokratik respublikasının tarixi, onun fəaliyyəti haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə ölkəmizin gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb.
Sonra məruzəçi Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları, onların diplomatik fəaliyyəti, bu dövrdə parlamentin formalaşması və qısa müddət ərzində qəbul etdiyi qanunlar, elm və təhsil, siyasi partiyalar və dövlət quruculuğunda onların rolu, dövlət-din münasibətləri və digər sahələrdə fəaliyyəti barədə ətraflı məlumat verib.
Tədbir çərçivəsində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin AMEA ilə birlikdə gənc tədqiqatçılar arasında təşkil etdiyi “Abşeronun tarixi və mədəni irsində Qala kəndinin rolu” adlı ümumrespublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi də keçirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.