Bu gün Qərbi Azərbaycan Elm və Texnologiyalar Parkının İdarə Heyətinin sədri, professor Hassan Heidarinin rəhbərlik etdiyi nümayəndə heyəti AMEA-nın Yüksək Texnologiyalar Parkına (YT Park) səfər edib.
Qonaqları salamlayan YT Parkın direktoru, i.ü.f.d Nazim Şükürov onlara parkın ərazisində Azərbaycan istehsalı olan ixrac potensiallı yüksək texnoloji məhsulların hazırlandığını, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və milli iqtisadiyyatda elmin payının artırılması istiqamətində əhəmiyyətli işlərin görüldüyünü bildirib. O, həmçinin YT Parkda innovasiya fəaliyyətinin səmərəli mexanizmlər əsasında aparılması üçün dünya təcrübəsinin tətbiq edildiyini, elmi-tədqiqat işlərinin istehsalata transfer edilməsi, texnoloji, elmtutumlu milli məhsulların istehsalı və intellektual biznesin formalaşdırılmasına dair mühüm işlərin aparıldığını qeyd edib.
Daha sonra nümayəndə heyəti YT Parkın beynəlxalq standartlara cavab verən, akkreditasiyadan keçmiş Akademiya laboratoriyası, hazır neft məhsulları və onların istehsal prosesilə tanış olublar.
Görüşdə iki qurum arasında ortaq istiqamətlərdə əməkdaşlığın təşkilinə və birgə layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb, müvafiq qərarlar qəbul edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.