İyunun 28-də AMEA-nın Əsas binasında dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan “İncəsənətdə Nəsimi obrazı” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.
Tədbir AMEA-nın Humanitar Elmlər Bölməsi və Memarlıq və İncəsənət İnstitutunun birgə təşkilatçılığı ilə “Nəsimi ili” çərçivəsində baş tutub.
Konfransı AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 15 noyabr 2018-ci il tarixli və Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında 11 yanvar 2019-cu il tarixli sərəncamlar imzaladığını xatırladıb.
Akademik sözügedən sərəncamlardan irəli gələrək AMEA-da silsilə konfransların, elmi sessiyaların keçirildiyini, mətbuatda Nəsimi yaradıcılığına dair məqalələrin dərc edildiyini, monoqrafiyaların nəşrə hazırlandığını, o cümlədən ədibin əsərlərinin yeni illüstrasiyalarla çap olunduğunu diqqətə çatdırıb. Bundan əlavə, şairin yaradıcılığının Polşa, Türkiyə, Serbiya, Qazaxıstan, Qırğızıstan və digər ölkələrdə keçirilən tədbirlərdə təbliğ olunduğunu vurğulayıb.
İ.Həbibbəyli, həmçinin cari ildə ikinci Nəsimi festivalının baş tutacağını, o cümlədən noyabr ayında AMEA-da “Nəsimi ili” çərçivəsində yekun konfransın keçiriləcəyini söyləyib.
Ölkə rəhbərliyi səviyyəsində Nəsimi yaradıcılığına daim diqqət göstərildiyini deyən akademik 1973-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə İmadəddin Nəsiminin 600 illik yubileyinin UNESKO səviyyəsində qeyd olunduğunu bildirib. Qeyd edib ki, ümummilli liderin qətiyyəti sayəsində Bakıda Nəsiminin heykəli ucaldılıb, bədii film çəkilib, balet, poema yazılıb, metro və rayon şairin adına adlandırılıb, onun əsərləri ana dilində kütləvi çap olunub. Akademik məhz həmin illərdə görülən tədbirlər nəticəsində bütün dünyaya Nəsiminin Azərbaycan şairi olmasının nümayiş etdirildiyini deyib.
Müstəqillik dövründə isə Prezident İlham Əliyevin imzaladığı sərəncamların şairin əsərlərinin çapında, dünyada təbliğində mühüm rol oynadığını söyləyən AMEA-nın vitse-prezidenti ölkə rəhbərliyinin təşəbbüsü ilə Nəsimi irsinin davamçısı Məhəmməd Cövdət Nəsiminin və ailəsinin Azərbaycana gəldiyini, ata-baba yurdu olan Şamaxı şəhərini ziyarət etdiklərini xatırladıb.
Sonra Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə çıxış edərək Nəsiminin bədii obrazının Azərbaycan incəsənətində yaradılmasının milli mədəniyyətimizə ən gözəl töhfə olduğunu bildirib. Qeyd edib ki, Nəsimi obrazı təkcə heykəltəraşlıqda yox, həm də rəngkarlıqda, xalça sənətində öz əksini tapıb, şairin poçt markalarındakı təsvirləri öz orijinallığını qoruyub saxlayıb.
Konfransda, həmçinin sənətşünaslıq üzrə elmlər doktoru Sevil Fərhadovanın “İmadəddin Nəsimi poeziyası muğam - ozan konseptuallıq kontekstində”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarovun “Nəsimi obrazının Azərbaycan teatrında səhnə təcəssümü” və Əməkdar incəsənət xadimi Ayaz Salayevin “Nəsimi” filmi sovet dövlətinin qürubu dövründə milli özünüdərk amili kimi” mövzusunda məruzə ilə çıxış ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.