Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

06.05.2026 12:39
  • A-
  • A
  • A+

Elmi layihə çərçivəsində Beyləqan rayonu ərazisində arxeoloji kəşfiyyat aparılıb

Elmi layihə çərçivəsində Beyləqan rayonu ərazisində arxeoloji kəşfiyyat aparılıb

Azərbaycan Elm Fondunun təşkil etdiyi “Qarabağ – Azərbaycandır! – 3” qrant müsabiqəsində AMEA Arxeologiya və Antropologiya İnstitutunun Elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Zaur Həsənovun rəhbəri olduğu “Qarabağın dəmir dövrü kuqanları: Füzuli rayonu Yedditəpə abidəsi və ətraf ərazilərin arxeoloji tədqiqi” (№ AEF-MQM-QA-3-2025-3(56)-7274) adlı elmi layihə çərçivəsində ikinci mərhələ üzrə arxeoloji çöl tədqiqatları davam etdirilir. Layihədə İnstitutun elmi əməkdaşları t.ü.f.d., dosent Təvəkkül Əliyev, t.ü.f.d., dosent Mikayıl Mustafayev, Nərmin Məmmədli və Nərmin Bayramova iştirak edirlər.

Layihə çərçivəsində kurqanların tədqiqi onların yaxın bölgələrdə yerləşən yaşayış yerləri ilə qarşılıqlı əlaqədə araşdırılır. Bu, dəfn abidələri ilə yaşayış yerləri arasında mövcud olan bağlılıqlarını müəyyən etməyə imkan verir.

Layihənin ikinci mərhələsi üzrə görülən işlər çərçivəsində layihə üzvləri Beyləqan rayonu ərazisinə ezam olunmuş, Kəbirli kəndi yaxınlığında yerləşən Qaratəpə dəmir dövrü abidəsinə, eləcə də Eyvazlılar kəndi ərazisində landşaft xüsusiyyətlərinə əsasən kurqan abidələri əraziləri kimi ehtimal edilən sahələrə baxış keçirilmişdir.

Qaratəpə abidəsində aparılan yerüstü müşahidələr zamanı ərazi üzrə sistemli baxış həyata keçirilmiş və müxtəlif dövrlərə aid keramika materialları qeydə alınmışdır. Toplanmış materiallar Dəmir dövrü, antik dövr və orta əsrlərə aid nümunələri əhatə edir. Əvvəlki illərdə aparılmış arxeoloji tədqiqatlar nəticəsində abidənin e.ə. VII-V əsr, e.ə. V–I əsrlər və e. XI–XIII əsrlərə aid mədəni təbəqələri müəyyən edilmişdir. Cari baxış zamanı əldə olunan yerüstü materiallar bu xronoloji ardıcıllığı bir daha təsdiqləyir.

Eyni zamanda, ezam müddətində Qaratəpə abidəsinin topoqrafik planı hazırlanmışdır.

Eyvazlılar kəndi ərazisində yerləşən və əvvəllər qeydə alınmış bir neçə təpə üzrə də sahə baxışı həyata keçirilmişdir. Aparılmış tədqiqatlar əsasında elmi nəşr hazırlanır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: