İngiltərənin Kil Universitetinin təbiət elmləri şöbəsinin əməkdaşı Dr. Piter Tomas və Polşa Elmlər Akademiyasının Dendrologiya İnstitutunun Sistematika və Coğrafiya laboratoriyasının əməkdaşları Dr. Monika Derinq və Dr. Qrzeqorz İszkulo AMEA-nın Botanika İnstitutunun və Mərkəzi Nəbatat Bağının qonağı olublar.
Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə və Mərkəzi Nəbatat Bağının direktoru v.i.e., b.e.d. Vahid Fərzəliyevin iştirakı ilə keçən görüşdə əməkdaşlıq əlaqələrinin qurulması perspektivləri müzakirə edilib.
V.Əlizadə qonaqlara Botanika İnstitutun elmi-tədqiqat istiqamətləri, beynəlxalq əlaqələri, həyata keçirilən müştərək layihələr və əldə olunan nailiyyətlər haqqında danışıb. Qonaqlar institutun Botanika Muzeyi, Herbari Fondu və laboratoriyaları ilə tanış olublar. Onlara Herbari Fondunda saxlanılan yerli və xarici floraya aid herbari nümunələrinin Avropa Məlumat Bazasına və Dünya Florasına daxil edilməsi üzrə aparılan işlər haqqında məlumat verilib.
Qonaqlar əməkdaşlıq perspektivlərini yüksək qiymətləndirərək bağçılıq və reproduksiya sahəsində birgə tədqiqatlar, kadr və təcrübə mübadiləsi, müştərək layihələr və ekspedisiyaların təşkili, toxum və herbari materiallarının mübadiləsi üçün geniş imkanların olduğunu vurğulayıblar.
Səfər müddətində qonaqlar Mərkəzi Nəbatat Bağının əməkdaşları ilə birlikdə ölkəmizin bir sıra təbiət ərazilərinə təşkil olunmuş ekspedisiyalarda iştirak ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.