Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

12.07.2019 12:57
  • A-
  • A
  • A+

Azərbaycan və Koreya arxeoloqları arasında birgə əməkdaşlıq müqaviləsi imzalanıb

Azərbaycan və Koreya arxeoloqları arasında birgə əməkdaşlıq müqaviləsi imzalanıb

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu, Seul Milli Universiteti və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası İctimai Birliyi tərəfindən arxeologiya sahəsində əməkdaşlıq üzrə anlaşma memorandumunun imzalanma mərasimi keçirilib.

Mərasimdə institutun və SEBA-nın əməkdaşları, həmçinin Koreya Respublikasının Azərbaycandakı səfirliyinin müşaviri Li Jae-Vung və Seul Milli Universitetinin professoru Kim Jong-İl iştirak ediblər.

Tədbiri SEBA-nın sədri, biologiya üzrə fəlsəfə doktoru Ruhəngiz Heydərova açaraq 10 ildən çox bir müddətdə Azərbaycan və Koreya arxeoloqlarının Qəbələdə müxtəlif tarixi dövrlərə aid birgə tədqiqatlar apardıqlarını bildirib. O, ölkə rəhbərliyinin apardığı uğurlu xarici siyasətin beynəlxalq elmi araşdırmalar üçün geniş imkanlar açdığını vurğulayıb.

Sonra çıxış edən Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova qonaqlara rəhbərlik etdiyi müəssisə barədə məlumat verib. Qeyd edib ki, bu gün ölkəmizdə 10-dan artıq beynəlxalq arxeoloji ekspedisiya fəaliyyət göstərir və tədqiqatların nəticələri dünyanın tanınmış elmi jurnallarında dərc olunur. Alim ötən 10 il ərzində koreyalı mütəxəssislərlə birgə abidələrin tədqiqatını, restavrasiya və konservasiyasını apardıqlarını söyləyib.

Seul Milli Universitetinin professoru Kim Jong-İl isə Azərbaycanın dünya elmi üçün böyük əhəmiyyətə malik arxeoloji abidələrlə zəngin olduğunu deyib, Qəbələdə aparılan araşdırmaların nəticəsinin bunu sübut etdiyini bildirib.

Tədbir çərçivəsində, həmçinin qarşıda duran birgə fəaliyyət perspektivləri barədə fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.  

Daha sonra tərəflər arasında müqavilə imzalanıb. Müqavilənin şərtlərinə görə, tədqiqatların növbəti 3 ildə davam etdirilməsi, tədqiqat planlarının, hesabatların qarşılıqlı məsləhətləşmələr və razılıq əsasında tərtibi, arxeometrik araşdırmaların və əldə olunan nəticələrin birgə nəşri, tədqiqatlara gənc mütəxəssislərin və tələbələrin cəlb edilməsi nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: