Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

13.09.2019 16:39
  • A-
  • A
  • A+

Gənc alimlər III Respublika İnnovasiya Müsabiqəsi barədə maarifləndiriliblər

Gənc alimlər III Respublika İnnovasiya Müsabiqəsi barədə maarifləndiriliblər

AMEA-nın Əsas binasında Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı ilə III Respublika İnnovasiya Müsabiqəsinin təşviqi və maarifləndirilməsi məqsədilə tədbir keçirilib.

Qeyd edək ki, müsabiqə İqtisadiyyat, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Mədəniyyət nazirlikləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası, “Ernst & Yanq Holdinqs (SiAyEs) Bi.Vi.” şirkətinin Azərbaycandakı filialı və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan nümayəndəliyi ilə birgə elan olunub.

Müsabiqənin keçirilməsində məqsəd BMT-nin “Dünyamızın transformasiyası: 2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyi”ndən irəli gələn Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqi, innovasiyaların həvəsləndirilməsi, həmçinin "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasının və Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələrinin icrasına dəstək verməkdir.

Maarifləndirmə tədbirini AMEA-nın GAMŞ-ın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov açaraq qonaqları tədbir iştirakçılarına təqdim edib. O, akademiya rəhbərliyi tərəfindən gənc alimlərin elmi fəaliyyətinin stimullaşdırılması, o cümlədən sosial şəraitlərinin yaxşılaşdırılması istiqamətində mütəmadi tədbirlərin həyata keçirildiyini bildirib. Bundan əlavə, gənc tədqiqatçıların respublika və beynəlxalq əhəmiyyətli innovatov layihə və müsabiqələrdə aktiv iştirak etdiyini, Azərbaycan elmini layiqincə təmsil etdiklərini söyləyib.

Sonra İqtisadiyyat Nazirliyinin şöbə müdiri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov çıxış edərək ölkəmizdə iqtisadiyyatın davamlı inkişafının təmin edilməsi, rəqabət qabiliyyətliliyin və ixrac potensialının artırılması, həmçinin ətraf mühitin mühafizəsinin gücləndirilməsi baxımından innovasiyaların önəmini qeyd edib, müsabiqə qaydalarını gənc tədqiqatçıların diqqətinə çatdırıb. Qeyd edib ki, müsabiqəyə innovativ ideyaları əks etdirən, iqtisadi səmərəli və həyata keçirilməsi mümkün olan layihələr qəbul olunur. O, müsabiqə çərçivəsində Qiymətləndirmə Komissiyası tərəfindən bəyənilən layihələrin reallaşdırılması və tətbiqi məqsədilə müxtəlif dövlət qurumları, təşkilatlar və sahibkarlıq subyektlərində təbliğatının aparılacağını söyləyib.

İclasda, həmçinin Mədəniyyət Nazirliyinin aparat rəhbərinin müavini Vasif Eyvazzadə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Rəşad Əzizov, həmçinin "Ernst və Yanq Holdinqs (SiAyEs) Bi.Vi." şirkətinin İqlim Dəyişikliyi və Dayanıqlı İnkişaf Xidmətləri üzrə Azərbaycan və Gürcüstandakı rəhbəri Günel Fərəcova çıxış edərək müsabiqənin önəminə toxunub, gəncləri layihədə aktiv iştiraka çağırıblar.

Sonda gənc alimlər üçün III Respublika İnnovasiya Müsabiqəsinin mərhələləri ilə bağlı videoçarx nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: