Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

18.09.2019 10:37
  • A-
  • A
  • A+

Akademik Xoşbəxt Yusifzadənin fransız dilində nəşr edilən “Ömrümün illəri və izləri” kitabının təqdimatı olub

Akademik Xoşbəxt Yusifzadənin fransız dilində nəşr edilən “Ömrümün illəri və izləri” kitabının təqdimatı olub

Azərbaycan-Fransız Universitetində (UFAZ) SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin fransız dilində nəşr olunan “Ömrümün illəri və izləri” kitabının təqdimatı keçirilib.

Təqdimat mərasimində çıxış edən “Total” şirkətinin ölkə üzrə direktoru Denis Lemarşal kitabda qədim neft diyarı olan Azərbaycanın müasir neft sənayesinin son 50 illik tarixinin yığcam, lakin faktlar və hadisələr baxımından kifayət qədər dolğun şəkildə əks etdirildiyini deyib.

Sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı çıxış edərək təqdim olunan nəşrdə ötən əsrin 30-cu illərindən başlayaraq Azərbaycan tarixinin müxtəlif mərhələlərinin əks olunduğunu söyləyib. O,“Ömrümün illəri və izləri” kitabını bir neftçi-alimin manifesti kimi dəyərləndirib. Bildirib ki, nəşrdəki epizodlar indiki gənclər üçün əsl örnəkdir.

Akademik X.Yusifzadənin ADNSU-ya xüsusi diqqətlə yanaşdığını deyən rektor universitetdə görkəmli alimin adına təqaüdün təsis edildiyini və iki tələbənin bu təqaüdə layiq görüldüyünü diqqətə çatdırıb.

SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov isə qeyd edib ki, kitabda xalqımızın ümummilli lideri Heydər Əliyevin ötən əsrin 70-ci illərində ölkəmizin neft sənayesinin inkişafı, xüsusən dənizdəki yataqların işlənilməsi sahəsində gördüyü nəhəng işlər barədə ətraflı söhbət açılır.

Daha sonra AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək görkəmli neftçi-alimin həyatını və elmi-istehsalat fəaliyyətini respublikamızda, xüsusən də Xəzər dənizində neft və qaz-kondensat yataqlarının kəşfinə və işlənilməsinə həsr etdiyini bildirib. Vurğulayıb ki, kitabda Azərbaycan yenidən müstəqillik qazandıqdan sonra ölkənin əsas sərvətindən gənc dövlətin tərəqqisi naminə istifadə edilməsi üçün işlənib hazırlanmış ulu öndər Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsinə, ölkə başçısı İlham Əliyevin vaxtilə Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti kimi bu sahədəki xidmətlərinə geniş yer verilib.

Tədbirdə SOCAR-ın birinci vitse-prezidentinin müşaviri Ələkbər Abbasov və digərləri çıxış edərək nəşrin məziyyətlərindən danışıb, kitabın nəfis tərtibatda hazırlandığını söyləyiblər.

Sonda müəllif Xoşbəxt Yusifzadə tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

Qeyd edək ki, “Ömrümün illəri və izləri” kitabı Azərbaycan, rus və vyetnam dillərində də çap edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: