Türkiyənin paytaxtı Ankara şəhərində Beynəlxalq Kutadqu Bilik Qurultayı keçirilib.
Türk Dil Qurumunun təşkilatçılığı ilə baş tutan tədbir Yusif Xas Hacibin “Kutadqu bilik” poemasının yazılmasının 950 illiyinə həsr edilib.
15 ölkədən 102 nümayəndənin qatıldığı qurultayda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu və digər azərbaycanlı alimlər iştirak ediblər.
Tədbirdə İ.Həbibbəyli “Yusif Balasaqunlu: Türk şeirinin Nizamisi”, M.Nağısoylu “Kutadqu bilik” və Nizaminin məsnəvilərində hökmdar ədalət simvolu kimi”, professor İsmayıl Kazımov “Kutadqu bilik”də tenqri-tanrı konsepti”, filologiya üzrə fəlsəfə doktoru Baba Məhərrəmli “Kutadqu bilik”də “tanrı” və “peyğəmbər” anlamlı sözlər”, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov “Kutadqu bilik”lə bağlı araşdırmaların tarixi və bu araşdırmaların Azərbaycandakı durumu”, filologiya üzrə fəlsəfə doktoru Qətibə Quliyeva “Kutadqu bilik”də siyasi hüquq və siyasi-hüquq dili” və filologiya üzrə fəlsəfə doktoru Aynurə Mahmudova “Kutadqu bilik”dən Füzulinin türkcə divanına qədər rəng bildirən sözlərin araşdırılması” mövzusunda məruzələrlə çıxış ediblər.
Xatırladaq ki, UNESKO-nun 2019-cu ili Yusif Balasaqunlunun “Kutadqu bilik” əsərinin yazılmasının 950-ci ildönümü elan etməsi ilə bağlı keçirilən Beynəlxalq Kutadqu Bilik Qurultayında dil, ədəbiyyat, tarix, mədəniyyət və digər mövzularda ümumilikdə 133 məruzə dinlənilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.