AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin bir qrup üzvü Abşeron rayonu Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin üzvləri ilə görüşüb.
Xırdalan şəhər Heydər Əliyev mərkəzində baş tutan görüşün əsas məqsədi AMEA-da elm sahəsində aparılan islahatlar, gənclərlə bağlı siyasətin əsas prioritetləri, həmçinin elm və təhsilin inteqrasiyası çərçivəsində respublikada fəaliyyət göstərən ümumtəhsil ocaqlarının şagird, tələbə, magistr və doktorantlarla birgə ərsəyə gətirdiyi layihələrin müzakirəsi idi.
Əvvəlcə gənc alim və mütəxəssislər ümummilli lider Heydər Əliyevin mərkəzdə yerləşən büstünün önünə çiçəklər düzərək, ulu öndərin xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə Abşeron YAP Gənclər Birliyinin sədri Elnur Mirzəyev çıxış edərək rayonda gənclərlə bağlı görülən işlər və həyata keçirilən tədbirlərdən danışıb. Vurğulayıb ki, Abşeron rayonunda yerləşən təhsil müəssisələrinin gəncləri AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası ilə əlaqələr qurmalı, elmi fəaliyyət sahəsində fəal iştirak etməlidirlər.
Sonra çıxış edən Abşeron Rayon Təhsil şöbəsinin məhsul əməkdaşı Elmira İsmayılova rayonun ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin beynəlxalq müsabiqə və festivallarda əldə etdiyi uğurlardan bəhs edib.
AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov təmsil etdiyi qurumun ümumtəhsil müəssisələri ilə sıx əlaqələrindən, yüksəkixtisaslı kadrların yetişdirilməsindəki rolundan bəhs edib. "AMEA-da həyata keçirilən islahatların mühüm istiqamətlərindən biri elm və təhsilin inteqrasiyasıdır" - deyən alim qurumda yaradılmış magistratura təhsilinin əhəmiyyətindən danışıb. O, gənc alimlərin elmi-innovativ ideyalarının, layihələrinin reallaşdırılması və uğurlu nəticələrin əldə olunması üçün AMEA-nın Yüksək Texnologiyalar Parkında hər cür şəraitin yaradıldığını diqqətə çatdırıb.
Daha sonra AMEA Rəyasət Heyəti aparatının Strateji Elmi Tədqiqatlar Mərkəzinin (SETM) laboratoriya müdiri, fizika üzrə fəlsəfə doktoru Fərid Əhmədov SETM-də ölkə üçün mühüm əhəmiyyət kəsb edən tədqiqatların aparıldığını, təcrübəli gənc kadrların hazırlanmasına böyük önəm verildiyini bildirib.
Sonda rayonda fəaliyyət göstərən təhsil ocaqlarının innovativ düşüncəli gənclərinin Gənc Alim və Mütəxəssislər Şurası ilə koordinasiyalı fəaliyyətinin, həmçinin AMEA-nın Yüksək Texnologiyalar Parkı və SETM-ə mütəmadi elmi ekskursiyaların təşkili, eləcə də birgə elmi seminarların keçirilməsi ilə bağlı müzakirələr aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.