Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

28.10.2019 10:37
  • A-
  • A
  • A+

Azərbaycan cərrahlarının tədqiqat işi beynəlxalq konqresdə birinci yerə layiq görülüb

Azərbaycan cərrahlarının tədqiqat işi beynəlxalq konqresdə birinci yerə layiq görülüb

23-26 oktyabr tarixlərində Türkiyənin Antalya şəhərində XIV Hepato Pankreato Biliar (Qaraciyər, mədəaltı vəz, öd yolları) Beynəlxalq Cərrahiyyə Konqresi keçirilib. 

Tədbirdə Avropa, Amerika, Asiya, Avstraliya qitələrinin 40-dan artıq ölkəsinin nüfuzlu elmi cərrahlıq mərkəzlərinin, universitetlərinin və elmi-tədqiqat institutlarının alimləri iştirak ediblər. Beynəlxalq konqresə Azərbaycan alimlərindən ibarət nümayəndə heyəti də qatılıb. Nümayəndə heyətinə Azərbaycan Tibb Universitetinin I Cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Nuru Bayramov, professor Qurbanxan Müslümov, tibb üzrə fəlsəfə doktoru Ruslan Məmmədov, Elvin İsazadə və Niyazi Qənbərli daxildirlər.

Azərbaycan cərrahları tədbirdə 9 mühazirə və poster çıxışında pankreativ cərrahiyyədə yeniliklər, qaraciyər və öd yollarının cərrahiyyəsi sahəsində əldə edilən uğurlar barədə məlumat veriblər.

Beynəlxalq konqresdə qaraciyər transplantasiyası, qaraciyər kistası, minimal invaziv cərrahiyyəyə dair videolar nümayiş etdirilib, laparoskopik cərrahiyyə və digər mövzular ətrafında müzakirələr aparılıb. Konqresin yekununda yüksək dəyər verilən ən yaxşı elmi işlər mükafatlandırılıb.

AMEA müxbir üzvü Nuru Bayramov, t.ü.f.d.  Ruslan Məmmədov və Elvin İsazadənin "Laparoskopik xolesistektomiya əməliyyatının identifikasiya, disseksiya və prosedura (İDP) problemlərinin həllinə əsaslanan çətinlik dərəcələri klassifikasiyası" adlı tədqiqat işi birinci yerə layiq görülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: