AMEA-nın Elm Tarixi İnstitutunun (ETİ) direktoru, tarix üzrə elmlər doktoru, dosent Məryəm Seyidbəyli Rusiya Elmlər Akademiyasının (REA) S.Vavilov adına Təbiət Elmləri və Texnika Tarixi İnstitutunun Sankt-Peterburq filialının direktoru, sosiologiya üzrə fəlsəfə doktoru Nadejda Aşeulovanın dəvəti ilə Sankt-Peterburq şəhərində elmi ezamiyyətdə olub.
M.Seyidbəyli səfər çərçivəsində “Elmi Peterburq Rusiya Elmlər Akademiyasının 295 illiyinə doğru” 40-cı beynəlxalq illik elmi konfransda iştirak edib. O, tədbirdə “Sankt-Peterburq aliminin Azərbaycan səhiyyəsinin inkişafında rolu” mövzusunda məruzə ilə çıxış edib.
Səfər zamanı M.Seyidbəyli rusiyalı alimlər – Nadejda Aşeulova, Yuri Baturin, o cümlədən Ukrayna və Belarusdan olan elm xadimləri ilə görüşüb. Görüşlərdə qarşılıqlı maraq kəsb edən ikitərəfli münasibətlərə dair fikir mübadiləsi aparılıb, əməkdaşlıq perspektivləri müzakirə edilib. M.Seyidbəyli AMEA və Rusiya Elmlər Akademiyasının elmi-tədqiqat müəssisələrinin birgə həyata keçirdiyi layihələr, imzalanmış ikitərəfli müqavilələr barədə məlumat verib.
Daha sonra azərbaycanlı alim xarici həmkarları ilə Sankt-Peterburq Dağlıq Universitetini, Şərqşünaslıq muzeyini ziyarət edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.