Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

20.11.2019 10:13
  • A-
  • A
  • A+

Azərbaycan-Qazaxıstan beynəlxalq arxeoloji ekspedisiyası Şəkidə çöl tədqiqatları aparıb

Azərbaycan-Qazaxıstan beynəlxalq arxeoloji ekspedisiyası Şəkidə çöl tədqiqatları aparıb

Azərbaycan-Qazaxıstan beynəlxalq arxeoloji ekspedisiyası tərəfindən Şəki rayonunun Fazıl kəndində yerləşən Təpəbaşı abidəsində çöl tədqiqatları aparılıb.

Azərbaycan tərəfindən ekspedisiyanın rəhbəri Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, t.ü.f.d. Zaur Həsənov, Qazaxıstandan isə professor Zaynolla Samaşev olub. Tədqiqatlar Arxeologiya və Etnoqrafiya İnstitutu ilə Qazaxıstanın “Berel” Dövlət Tarixi-Mədəni Muzey-Qoruğu arasında imzalanmış müqavilə əsasında baş tutub.

Ekspedisiya zamanı toplanan materialların kameral təhlili aparılıb, qazıntı sahəsində dron (kvadrokopter) çəkilişləri və taxeometr (total station) cihazı vasitəsilə götürülən topoqrafik ölçülərin əsasında ortofotoplanlar hazırlanıb. Dron çəkilişləri AMEA-nın Yüksək Texnologiyalar Parkının əməkdaşları tərəfindən aparılıb.

Arxeoloji tədqiqatlar ərzində Dəmir və Antik dövrlərə aid müxtəlif dərəcələrdə qorunub saxlanılan qəbir və qurbangah abidələri aşkarlanıb. Qeyd olunan tarixi dövrlərin qədim əhalisinin həyatının və mədəniyyətinin müxtəlif aspektləri – silahlar, çeşidli keramika qabları, tunc və daş məmulatları, kauri çanaqları və başqa tapıntılar əldə edilib. Əldə olunan maddi mədəniyyət nümunələri qazıntı yerində təşkil edilmiş çöl laboratoriyasında ilkin restavrasiyadan keçib.

Qazıntı sahəsində həm dəmir dövrünə, həm də Antik və Son Antik dövrlərə aid keramika məmulatlarının olduğu dəfnlər də tapılıb. Bu dəfnlərin yaşını müəyyən etmək üçün əldə olunan kömür və sümük qalıqları radiokarbon analizlər üçün aparıcı xarici laboratoriyalara və o cümlədən, AMEA-da fəaliyyət göstərən müvafiq laboratoriyaya göndəriləcək. Alınacaq nəticələr əsasında alimlər Qədim Azərbaycanda Dəmir dövründən Antik dövrə keçid prosesinin xüsusiyyətlərini müəyyən etməyə çalışacaqlar. Şəkidə aparılan arxeoloji tədqiqatlar qədim Albaniya dövlətinin tarixi təşəkkülü xüsusiyyətlərini və Azərbaycan tarixində İskit dövründən Albaniya dövrünə keçid mərhələlərini müəyyən etmək üçün olduqca böyük önəmə malikdir.

Ekspedisiya o cümlədən, Şəkinin Kiş kəndindəki Doxun Antik dövr abidəsində də kəşfiyyat işləri aparıb. Dron və taxeometr cihazı vasitəsi ilə çəkilişlər aparılıb və toplanan məlumatlar əsasında abidənin ərazisinin ortofotoplanı tərtib edilib.

Qeyd edək ki, arxeoloji ekspedisiya öz işini 2020-ci ilədək davam etdirəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: