Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında bu qurumun və AMEA Şəki Regional Elmi Mərkəzinin (ŞREM) birgə təşkilatçılığı ilə Şəki rayonunun ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri arasında “Mən İmadəddin Nəsimi haqqında nə bilirəm?” adlı esse müsabiqəsi keçirilib.
Müsabiqə dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı tədbirlər planı çərçivəsində baş tutub. Müsabiqənin keçirilməsində məqsəd gənclərin Nəsimi yaradıcılığına, ədəbiyyatımız və milli-mənəvi dəyərlərimizə, eləcə də elmə maraqlarının artırılması olub.
Əvvəlcə ADPU-nun Şəki filialında iştirakçılar, müəllim və valideynlərlə görüş təşkil edilib. Universitetin Şəki filialının Humanitar fənlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru V.Baxışov və ŞREM-in Folklorşünaslıq və el sənətləri şöbəsinin rəhbəri P.Zakirova müsabiqə iştirakçılarına essenin yazılmasına dair tələblər, yazıların qiymətləndirilməsi qaydaları və s. barədə məlumat verib, onları maraqlandıran sualları cavablandırıblar.
Daha sonra 80 dəqiqə ərzində şagirdlər tərəfindən esselər yazılıb. Müsabiqəyə Şəki şəhərinin Aşağı Göynük, II Biləcik, Baş Şabalıd, Şorsu və Suçma kənd ümumtəhsil məktəblərindən 40 şagird qatılıb. Xatırladaq ki, müsabiqəyə qeydiyyat əvvəlcədən elan olunmuş şəkildə elektron poçt vasitəsilə aparılıb.
Qeyd edək ki, esselər ŞREM-in və ADPU-nun Şəki filialının professor və müəllim heyəti tərəfindən yazı müsabiqəsinin keçirildiyi tarixdən 5 gün müddətində qiymətləndiriləcək. Orijinal və yazı qaydalarına düzgün riayət olunaraq tərtib olunmuş nümunələr seçildikdən sonra şagirdlər 1-ci (1 nəfər), 2-ci (2 nəfər), 3-cü (2 nəfər) və həvəsləndirici (3 nəfər) yerlər üzrə mükafatlandırılacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.