Türkiyə Respublikasının Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunun nəzdindəki Türk Tarix Qurumunun sədri, professor Rəfiq Turan AMEA-nın Tarix İnstitutunun fəxri doktoru diplomu ilə təltif olunub.
Görkəmli alim bu fəxri ada Azərbaycan-Türkiyə elmi əlaqələrinin inkişafındakı böyük xidmətlərinə görə layiq görülüb.
Diplom noyabrın 29-da AMEA-nın Əsas binasında Tarix İnstitutunun Elmi şurasının genişləndirilmiş iclasında Rəfiq Turana təqdim olunub.
Mərasimi institutun direktoru, akademik Yaqub Mahmudov açaraq bildirib ki, Azərbaycan yenidən müstəqillik qazandıqdan sonra iki ölkə arasında iqtisadi, siyasi, elmi, ədəbi, mədəni əlaqələr daha da genişlənib. Qeyd edib ki, bu əlaqələrin genişlənməsində Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunun mühüm xidmətləri var. Professor Rəfiq Turanın elmi fəaliyyətinə toxunan Y.Mahmudov alimin türk dünyasının tarixinin araşdırılmasında və beynəlxalq arenada təbliğində əhəmiyyətli işlər gördüyünü söyləyib.
Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli müstəqillik dövrümüzün ən böyük nailiyyətlərindən birinin Türkiyə ilə əlaqələrin yenidən qurulması olduğunu bildirib. İ.Həbibbəyli sözügedən əlaqələrin qurulmasında və möhkəmlənməsində ulu öndər Heydər Əliyevin və Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəlin mühüm rol oynadığını diqqətə çatdırıb. Ümummilli liderin "Bir millət, iki dövlət" sözlərini xatırladan akademik bu gün Azərbaycan ilə Türkiyə arasında dostluq, qardaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu, hər iki ölkənin beynəlxalq təşkilatlarda bir-birlərinin mövqeyini dəstəklədiyini və müdafiə etdiyini vurğulayıb.
AMEA-nın vitse-prezidenti bildirib ki, Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu türk dünyasının əsas elmi mərkəzlərindən biridir və iki ölkə arasında elmi əlaqələrin qurulmasına, möhkəmlənməsinə təşkilatın sabiq rəhbərləri, professorlar Rəşad Gənc, Sadık Tural, eləcə də Rəfiq Turan sanballı töhfələr veriblər. İ.Həbibbəyli elmi fəaliyyəti və şəxsi keyfiyyətlərinə görə, R.Turanın AMEA-nın Tarix İnstitutunun fəxri doktoru diplomuna layiq olduğunu deyib.
İsa Həbibbəyli mükafatı və hədiyyəni qonağa təqdim edib.
Sonda çıxış edən Rəfiq Turan AMEA-nın bu gün dünya miqyasında elmi mərkəzə çevrildiyini, Tarix İnstitutu ilə birgə mütəmadi tədqiqatlar apardıqlarını, konfranslar keçirdiklərini söyləyib. Alim fəxri doktor diplomuna görə minnətdarlığını bildirib, akademik İ.Həbibbəyli və Y.Mahmudova hədiyyələrini təqdim edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.