Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Ana dilimizin keşiyində: Heydər Əliyev siyasi kursunun uğurlu davamı
27.07.2026 11:31
  • A-
  • A
  • A+

Ana dilimizin keşiyində: Heydər Əliyev siyasi kursunun uğurlu davamı

Hər bir xalqın varlığını yaşadan, onu tarix səhnəsində qoruyub saxlayan ən böyük mənəvi sərvəti onun dilidir. Dil sadəcə ünsiyyət vasitəsi deyil, xalqın yaddaşı, düşüncə tərzi, milli kimliyi, ədəbiyyatı, mədəniyyəti və dövlətçilik ənənələrinin daşıyıcısıdır. Hər il avqustun 1-də qeyd olunan Azərbaycan Əlifbası və Azərbaycan Dili günü təkcə bir təqvim tarixi deyil, milli özünüdərkimizin, dövlətçilik düşüncəmizin və mənəvi birliyimizin təntənəsidir.

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova söyləyib. Deputat vurğulayıb ki, Azərbaycan dili Nizaminin hikmətini, Füzulinin eşq fəlsəfəsini, Vaqifin həyatsevərliyini, Mirzə Cəlilin cəsarətini, Üzeyir bəyin musiqisini, Cəfər Cabbarlının ideallarını, Bəxtiyar Vahabzadənin milli ruhunu yaşadan bir xəzinədir.

Lakin tarix göstərir ki, ana dilimizin bugünkü mövqeyi öz-özünə formalaşmayıb. Xüsusilə sovet dövründə milli dillərin sıxışdırılması siyasəti həyata keçirilirdi. Məhz həmin mürəkkəb şəraitdə Ulu Öndər Heydər Əliyev ana dilinin qorunmasını milli məsələ kimi gündəmə gətirdi. 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının müzakirəsi zamanı Heydər Əliyevin qətiyyətli mövqeyi nəticəsində “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” müddəasının Konstitusiyada əksini tapması təkcə hüquqi dəyişiklik deyildi. Bu, sovet ideoloji məkanında milli iradənin nümayişi, xalqın mənəvi hüquqlarının müdafiəsi idi. O dövrdə belə bir addımı atmaq hər siyasi xadimin cəsarət edə biləcəyi məsələ deyildi.

Müsahibimiz bildirib ki, müstəqillik illərində bu siyasət daha da möhkəmləndirildi. 1995-ci il Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Daha sonra qəbul olunmuş “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun dövlət dilinin hüquqi statusunu müəyyənləşdirərək onun tətbiqinin bütün istiqamətlərini tənzimlədi. 2001-ci ildə imzalanmış “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman isə dil siyasətinin yeni mərhələsini başlatdı. Həmin sənəd əsasında Dövlət Dil Komissiyasının yaradılması ana dilimizin qorunması istiqamətində institusional mexanizmlərin formalaşdırılmasına imkan verdi. Elə həmin ilin 9 avqust tarixli Fərmanı ilə avqustun 1-nin Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan olunması ana dilinə verilən yüksək dövlət qiymətinin ifadəsi idi.

Bu siyasi xəttin Prezident İlham Əliyev tərəfindən uğurla və ardıcıl şəkildə davam etdirildiyini vurğulayan deputat deyib: “Dövlətimizin başçısının “Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur” fikri müasir dövrün ən mühüm çağırışlarından birinə çevrilib. Qloballaşmanın sürətləndiyi, informasiya axınının sərhəd tanımadığı, sosial şəbəkələrin gündəlik nitqə ciddi təsir göstərdiyi bir dövrdə ana dilinin qorunması əvvəlki illərlə müqayisədə daha böyük məsuliyyət tələb edir. Xarici sözlərin lüzumsuz istifadəsi, internet məkanında dil normalarının pozulması, reklam və media məkanında dil səhvləri milli dil siyasəti qarşısında yeni çağırışlar yaradır.

2004-cü ildə latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi barədə Sərəncam, Azərbaycan Milli Ensiklopediyasının nəşri, dünya ədəbiyyatı nümunələrinin Azərbaycan dilində çapı, 2013-cü ildə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”, 2018-ci ildə elektron məkanda Azərbaycan dilinin geniş istifadəsini təmin edən sərəncam bu istiqamətdə həyata keçirilən məqsədyönlü siyasətin mühüm tərkib hissələridir”.

Deputat diqqətə çatdırıb ki, bu gün Azərbaycan dili yalnız ölkə daxilində deyil, dünyanın müxtəlif qitələrində yaşayan milyonlarla soydaşımızın milli kimliyini yaşadan əsas amildir. Dilin taleyi hər bir vətəndaşın məsuliyyətindən asılıdır. Məktəbdə müəllimin danışığında, jurnalistin yazısında, televiziya aparıcısının nitqində, dövlət qulluqçusunun çıxışında, valideynin övladı ilə ünsiyyətində, gənclərin sosial şəbəkələrdə yazdığı hər cümlədə Azərbaycan dilinə münasibət formalaşır. Ana dilinə sevgi yalnız sözlə deyil, gündəlik davranışla nümayiş etdirilməlidir.

“Ulu Öndər Heydər Əliyevin “Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz” fikri bu gün də aktuallığını qoruyur. Prezident İlham Əliyevin Azərbaycan dilinin saflığının qorunması ilə bağlı çağırışları isə müasir dövrün milli vəzifəsinə çevrilib. Bu iki böyük dövlət xadiminin həyata keçirdiyi ardıcıl dil siyasəti nəticəsində Azərbaycan dili müstəqil dövlətimizin ayrılmaz atributu, milli həmrəyliyimizin əsas sütunu və gələcək nəsillərə ötürüləcək ən qiymətli mənəvi miras kimi yaşayır. Avqustun 1-i bizi yalnız keçmişə nəzər salmağa deyil, gələcəyə də məsuliyyətlə baxmağa çağırır. Azərbaycan dili bizim milli pasportumuz, tariximizin canlı salnaməsi, dövlətçiliyimizin mənəvi dayağıdır. Bu dili qorumaq, zənginləşdirmək, onu yad təsirlərdən uzaq saxlamaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur”, - deyə deputat fikrini yekunlaşdırıb.

AzərTac

  • Paylaş: