Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Vaqif Fərzəliyev gənc kimyaçıların dostu seçilib
20.12.2019 09:07
  • A-
  • A
  • A+

Akademik Vaqif Fərzəliyev gənc kimyaçıların dostu seçilib

AMEA Aşqarlar Kimyası İnstitutunda (AKİ) Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Gənc kimyaçıların dostu” diplomunun təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan şuranın sədri, f.ü.f.d., dos. Famin Salmanov akademiyada gənclərin elmə cəlb olunması, Azərbaycan elminin dünya elminə inteqrasiyası istiqamətində müxtəlif həvəsləndirmə tədbirlərinin keçirildiyini qeyd edib. 

Famin Salmanov diqqətə çatdırıb ki, Aşqarlar Kimyası İnstitutunun direktoru, AMEA-nın Kimya Elmləri Bölməsinin akademik-katibi, akademik Vaqif Fərzəliyev gənc alim və mütəxəssisləri daim diqqətdə saxlayır, onların təkcə elmi fəaliyyətləri ilə bağlı deyil, həm də sosial vəziyyəti ilə bağlı narahatlıq doğuran məsələləri gündəmə gətirir, bu cür problemlərin həllinə çalışır.

"Gənc Alim və Mütəxəssislər Şurası gənclərin elmə cəlb olunmasında böyük əmək sərf edən alimləri diqqətdən kənarda saxlamır, dəyərli şəxsiyyətləri gənc alimlərimizin dostu elan edir" - deyə bildirən F.Salmanov bu il AMEA-nın kimya institutlarında olan gənc alim və mütəxəssislər arasında aparılan sorğu əsasında Vaqif Fərzəliyevin “Gənc kimyaçıların dostu” diplomuna layiq görüldüyünü qeyd edib.

Şura sədri 80 yaşı tamam olan, Prezident İlham Əliyev tərəfindən “Şərəf” ordeni ilə təltif edilən Vaqif Fərzəliyevi həm də “Kimyaçı gənclərin dostu” diplomuna layiq görülməsi münasibətilə gənc alimlər adından təbrik edib, ona can sağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayıb.

Sonra Polimer Materialları İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, k.ü.f.d., dos. Sevil Maşayeva, AKİ-nin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, k.ü.e.d., dos. Əfsun Sucayev və professor Fikrət Quliyev akademik Vaqif Fərzəliyevin gənc alim və mütəxəssislərinə olan diqqət və qayğısından bəhs edib, yubilyarı təbrik ediblər.

Kimyaçıların dostu adına layiq görülməsinə görə AMEA Gənc Alim və Mütəxəssislər Şurasına təşəkkürünü bildirən akademik Vaqif Fərzəliyev bundan sonra da gənc mütəxəssislərə dəstək olacağını, onların davamlı inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini bildirib, gənc alimlərə məsləhətlərini verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: