Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.12.2019 10:56
  • A-
  • A
  • A+

High Performance Computing Elmi Mərkəzinin açılışı olub

High Performance Computing Elmi Mərkəzinin açılışı olub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) High Performance Computing (HPC) Elmi Mərkəzinin açılış mərasimi keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Təhsil nazirinin müavini İdris İsayev, “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə, digər hökumət üzvləri, eləcə də ölkənin aparıcı ali məktəblərinin rektorları, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Əvvəlcə ADNSU-nun rektoru, professor Mustafa Babanlı tədbir iştirakçılarına HPC Mərkəzi haqqında məlumat verib. Rektor bildirib ki, yüksək sürət tələb edən hesablamaları həyata keçirmək üçün istifadə edilən, müasir elmi istiqamət olan HPC Mərkəzi kompüter elmlərində, o cümlədən kompüter hesablamalarının istifadə olunduğu müxtəlif elm sahələrində kvant mexanikası, hava proqnozlaşdırılması, molekulyar modelləşdirmə, fiziki modelləşdirmə kimi sahələrdə geniş tətbiq imkanlarına malikdir. Belə bir mərkəzin təsis olunmasında əsas məqsədin ölkədə HPC ilə bağlı elmi-texnoloji məsələlərin həlli və kadr hazırlığını təmin etmək olduğunu deyən M.Babanlı mərkəzin yaradılmasına 2016-cı ildən başlanıldığını diqqətə çatdırıb. Rektor qeyd edib ki, keçən müddət ərzində bu istiqamətdə əməkdaşlıq əlaqələri qurulub, mühüm uğurlar əldə olunub. Artıq innovativ inkişaf sahəsində də universitetdə ixtisaslı mütəxəssislər hazırlanır.

Sonra HPC Mərkəzinin elmi-təşkilati işlər üzrə icraçısı Nigar İsmayılova mərkəzin fəaliyyəti barədə məlumat verib. Bildirib ki, HPC Mərkəzi 20 hesablama və bir master hesablama düyünündən ibarət çoxtəyinatlı klaster kompüter sistemidir, maksimal gücü 6 Pflops-dur. Məsələnin mürəkkəbliyindən asılı olaraq istifadə olunan kompüterlərin sayının azaldılıb çoxaldılması, eyni anda kompüterlərin müxtəlif cür qruplaşdırılması və əlavə kompüterlərin qoşulmasını təmin edən qrid hesablama sisteminə çevrilə bilməsi imkanı ilə mərkəzin hesablama gücünün artırılması mümkündür. ADNSU-da belə bir mərkəzin yaradılmasında əsas məqsəd HPC-nin nəzəri və tətbiq sahələrində yeni və innovativ tədqiqat ideyalarının yayılması, Azərbaycan Respublikasının sənaye və elmi mərkəzlərinin proqramlarının həyata keçirilməsidir.

Tədbirdə çıxış edən akademik Rasim Əliquliyev “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi qaydaları haqqında” ölkə başçısının 12 sentyabr 2018-ci il tarixli və “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” 03 iyun 2019-cu il tarixli fərmanlarını xatırladıb.

“Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində ölkəmizdə güclü informasiya texnologiyaları infrastrukturu formalaşıb” – deyən akademik Rasim Əliquliyev, tədbir iştirakçılarının diqqətini İKT ilə əlaqəli bir sıra layihələrə, o cümlədən Avropa sənayesinin və xidmətlərinin rəqəmsallaşdırılmasına, kibertəhlükəsizlik məsələlərinin həll olunmasına, smart nəqliyyat, elektron infrastrukturlar və “Avropa Açıq Elm Buludu” (“European Open Science Cloud”) kimi layihələrə yönəldib.  

AMEA-nın vitse-prezidenti Big Data analitikası və verilənlərin intellektual analizi texnologiyaları, informasiya təhlükəsizliyi, kiberfiziki sistemlərin tədqiqi, bulud texnologiyaları, elektron dövlət, proqram mühəndisliyinin elmi-nəzəri problemləri, süni intellekt, sosioinformasiya texnologiyaları və digər prioritet istiqamətlərdə araşdırmaların aparılmasına ehtiyac olduğunu qeyd edib.

Tədbirdə, həmçinin Təhsil nazirinin müavini İdris İsayev, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı çıxış edərək HPC Mərkəzinin ölkəmizdə innovasiya proseslərinin inkişafına töhfə verəcəyini vurğulayıblar.

Sonda mərkəzdə çalışan universitet tələbələrinə, eləcə də mərkəzin bir neçə əməkdaşına sertifikatlar təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: