Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  AMEA PREZİDENTİNİN GÖRÜŞLƏRİ

13.01.2020 10:47
  • A-
  • A
  • A+

AMEA-nın strateji əhəmiyyətli innovativ layihələri müzakirə olunub

AMEA-nın strateji əhəmiyyətli innovativ layihələri müzakirə olunub

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev akademiyanın Yüksək Texnologiyalar Parkının (YT Park) bir qrup alim və mütəxəssisi ilə görüşüb.

Akademik Ramiz Mehdiyev rəhbərlik etdiyi qurumda innovasiyayönümlü tədqiqat və tətbiqi işlərə xüsusi əhəmiyyət verildiyini qeyd edərək, bu istiqamətlərdə görülən işlər və perspektiv vəzifələrdən danışıb. AMEA rəhbəri ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən müdafiə və mülki xarakterli layihələrin hazırlanması və icrasının həyata keçirilməsinin daha da inkişaf etdirilməsi üzrə yeni elmi və tətbiqi istiqamətlərin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, qarşıdakı mərhələdə tədqiqat-layihə işlərinin sürətləndirilməsi və müvafiq dövlət orqanları, sahibkarlıq subyektləri, həmçinin elmi-tədqiqat müəssisələri ilə qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Sonra çıxış edən YT Parkının direktoru, texnika elmləri doktoru Elton Məmmədov verilən tapşırıqların yerinə yetirilməsi vəziyyəti, eyni zamanda nəzərdə tutulan işlərin səmərəliliyini artırmaq məqsədilə qarşıda duran vəzifələr və perspektiv layihələr barədə məlumat verib.

YT Parkın əməkdaşları Samir Süleymanov, Fərid Əhmədov, Yaşar Hüseynəliyev və digərləri rəhbərlik etdikləri layihələr üzrə hazırlanmış videoçarxları nümayiş etdirərək patentləşdirmə, sertifikatlaşdırılma, texnoloji həll prosesləri, bazara çıxış və s. məsələlər haqqında ətraflı məlumat veriblər, müvafiq təkliflərini səsləndiriblər.

Müzakirələrdə AMEA-nın birinci vitse-prezidentləri, akademiklər İsa Həbibbəyli, İbrahim Quliyev, vitse-prezidentlər, akademiklər Dilqəm Tağıyev, Rasim Əliquliyev, AMEA-nın akademik-katibi, akademiyanın müxbir üzvü Əminağa Sadıqov çıxış edərək  innovativ layihələr üzrə tapşırıqların əhatə dairəsini daha da genişləndirmək məqsədilə fikir mübadiləsi aparıb, mülahizələrini irəli sürüblər.

Sonda akademik Ramiz Mehdiyev YT Parkın  fəaliyyətinin daha səmərəli təşkili üçün qarşıda duran vəzifələrin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsi, eləcə də AMEA-nın brendi ilə innovativ layihələrin həyata keçirilməsi istiqamətində müvafiq tövsiyə və tapşırıqlarını verib. Bu müəssisədə aparılan işlərin ölkəmizdə dövlət səviyyəsində həyata keçirilən elmi-texniki fəaliyyətə, quruculuq proseslərinə istiqamətləndirilməsinin zəruri olduğunu vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: