Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

13.01.2020 11:59
  • A-
  • A
  • A+

İrəvan xanlığının tarixindən bəhs edən kitabın alman dilində nəşrinin təqdimatı olub

İrəvan xanlığının tarixindən bəhs edən kitabın alman dilində nəşrinin təqdimatı olub

Yanvarın 13-də AMEA-nın Əsas binasında Tarix İnstitutunun təşkilatçılığı ilə “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabının alman dilində nəşrinin təqdimatı olub.

Kitabın elmi redaktoru və layihə rəhbəri Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, tərcüməçisi və redaktoru isə Aleksandr fon Humboldt Fondunun laureatı, professor Səadət Zeynalovadır.

Tədbiri akademik Yaqub Mahmudov açaraq rəhbərlik etdiyi müəssisənin əməkdaşlarının Azərbaycanın tarixi və itirilmiş torpaqlarını daim diqqət mərkəzində saxladığını, ölkəmizə qarşı yenidən ərazi iddiaları ilə çıxış edənlərə tutarlı faktlarla cavab verdiklərini söyləyib. Qeyd edib ki, ölkə başçısı bu məsələdə daim onlara dəstək verib və İrəvan xanlığının, Qarabağın, Naxçıvanın tarixi ilə bağlı bir çox nəşr məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanıb. 

Ermənistan Respublikasının tarixi Azərbaycan torpaqlarında yarandığını deyən Y.Mahmudov erməni vandallarının İrəvan xanlığının ərazisində 300-dən çox məscidi yerlə yeksan etdiklərini vurğulayıb. Yeni nəşrin ermənilərə, onların havadarlarına və bütövlükdə dünya ictimaiyyətinə ciddi mesaj olduğunu bildirən akademik diqqətə çatdırıb ki, vəsait indiyədək türk, ingilis, rus, rumın, italyan, ərəb və ispan dillərinə tərcümə olunub, İtaliya, Rumıniya, Meksika və Misirdə geniş təqdimatı keçirilib.

Müəssisə direktoru Almaniya arxivlərində Azərbaycanın tarixi ilə bağlı mühüm məlumatların olduğunu, Tarix İnstitutunun əməkdaşlarının həmin sənədlər üzərində tədqiqatlar apardığını söyləyib. O, nəşrin alman dilinə tərcüməsinin Almaniyada və bütövlükdə Avropada erməni yalanları ilə bağlı mübarizədə önəmli rol oynayacağını qeyd edib, eləcə də insanlarda Dağlıq Qarabağ münaqişəsinə qarşı baxışı, ikili standartları dəyişdirəcəyini bildirib. Akademik almandilli oxuculara təqdim olunan kitabda İrəvan xanlığının əhalisi, sosial-iqtisadi həyatı, sərhədləri, inzibati bölgüsü, idarəçilik sistemi, mədəniyyəti, xarici siyasəti və s. barədə məlumatların əksini tapdığını deyib.

Tədbirdə professorlar Tofiq Mustafazadə, Kərim Şükürov, Səadət Zeynalova, tarix üzrə fəlsəfə doktorları Güntəkin Nəcəfli, Hacı Həsənov və digərləri çıxış edərək müasir Ermənistan dövlətinin ərazisinin qədim Azərbaycan torpaqları olması barədə gerçəkliklərin dünya ictimaiyyətinə çatdırılmasının önəmini vurğulayıblar.

Sonda İrəvan xanlığına həsr olunan videoçarx nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: