Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Mərkəzi Elmi Kitabxana evdə qalan oxucuları ilə e-kitablar vasitəsilə görüşür
21.04.2020 15:53
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxana evdə qalan oxucuları ilə e-kitablar vasitəsilə görüşür

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru Sevil Zülfüqarova rəhbərlik etdiyi qurumun pandemiya günlərindəki fəaliyyətinə dair verdiyi müsahibə zamanı belə deyib. O, dünya kitabxanalarının pandemiya dövründə öz resurslarını oxucularına virtual rejimdə təqdim etdiklərini, nəşrlərin pdf və e-pub formatlarında paylaşılmasının daha da vüsət aldığını qeyd edib.

Kitabxana rəhbəri bildirib ki, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin müvafiq sərəncamına əsasən, MEK də iş rejimini mövcud şəraitə uyğunlaşdıraraq, elektron kitabxana və məsafədən xidmət texnologiyasının tətbiqini daha da genişləndirməklə öz veb-səhifəsi vasitəsilə istifadəçilər üçün geniş imkanlar yaradır.

“Bu gün kitabxanaların əsas məqsədi oxucuların tələbatını öyrənmək və bu tələbata onların istədiyi səviyyədə cavab verməkdir”, – deyə bildirən S.Zülfüqarova Elmi Kitabxananın bu tələbatı yüksək səviyyədə ödəmək üçün əlindən gələni etdiyini diqqətə çatdırıb: “İstifadəçilər kitabxanamızın veb-saytı vasitəsilə həm kitabxana haqqında məlumat əldə edə, həm də onlara lazım olan informasiya resurslarını tapa bilərlər. Hazırkı şəraitdə qarşımızda duran ən böyük vəzifələrdən biri, zamandan və məkandan asılı olmayaraq 7/24 rejimdə oxucular tərəfindən kitabxananın resurslarına əlyetərliyin təmin edilməsindən ibarətdir”.

MEK-in ən zəngin fonda malik kitabxanalardan biri olduğunu deyən müsahib, fondda XVI əsrdən bu günə kimi çap olunmuş qiymətli nəşrlərin mühafizə olunduğunu diqqətə çatdırıb. 

O, bildirib ki, respublikada elmi ədəbiyyatın zənginliyi ilə seçilən Elmi Kitabxanada elmi-tədqiqat əsərləri, monoqrafiyalar, jurnallar, müxtəlif sahələrə aid kitablar mühafizə olunur. Bu elmi əsərlərin populyarlaşdırılması və yayılması vacib məsələdir.

Kitabların elektron versiyasının hazırlanmasının çox çətin, həm də mühüm məsələ olduğunu qeyd edən S.Zülfüqarova bu işin iki yolla həyata keçirilə bildiyini deyib: “Müəlliflər kitab nəşr etdirərkən onun elektron variantını da e-daşıyıcılarda kitabxanaya təqdim edir. Beləliklə, bu nəşr kitabxananın elektron bazasına daxil olur. İkinci yol isə kitabı yüksək sürətli və yüksək  keyfiyyətli skaner aparatları ilə skan edərək elektron bazaya daxil etməkdir”.

O, Mərkəzi Elmi Kitabxananın koronavirus pandemiyası ilə əlaqədar öz işini günün tələblərinə uyğun qurduğunu, dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən qabaqlayıcı tədbirləri dəstəklədiyini qeyd edib, reallaşdırılan işlərin uğurla nəticələnəcəyinə inamını ifadə edib.

Direktor akademik Ramiz Mehdiyevin qurumda fasiləsiz iş rejimində fəaliyyət göstərən bəzi müəssisələrin xüsusi əmək rejiminin qaydalarına uyğun olaraq çalışması ilə bağlı verdiyi sərəncama əsasən, MEK-in də öz oxucularına onlayn rejimdə xidmət göstərdiyini nəzərə çatdırıb.

S.Zülfüqarova, həmçinin “Evdə qal” günlərində mütaliə etmək arzusunda olanlara bu işi vərdiş halına çevirməyi tövsiyə edib: “Əvvəlcə qısa mətnli kitablardan başlayın. Get-gedə maraqlarınız formalaşacaq və yeni kitablar axtaracaqsınız. Hər kəsə bu çətin günlərdə səbr, dözüm və mütaliə həvəsi arzulayıram”.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: