Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

06.06.2026 13:00
  • A-
  • A
  • A+

Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər

Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər

Azərbaycanda səfərdə olan İrlandiyanın Tirinti Universitetinin professoru tarix elmləri doktoru Patrik Uolş və  Böyük Britaniya Kral Cəmiyyətinin üzvü, fəlsəfə üzrə fəlsəfə doktoru Nil Uotson  AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin təşəbbüsü ilə Gəncədə dahi Azərbaycan şairi və mütəfəkiri Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər.

Nümayəndə heyətinə rəhbərlik edən AMEA-nın Azad Həmkarlar İttifaqının sədri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov qonaqlara Gəncə şəhərinin tarixindən, Azərbaycan tarixində oynadığı roldan, Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxt şəhəri olmasından, Azərbaycan xaqının Ümummilli Lideri Heydər Əliyevin Azzərbaycana rəhbərlik etdiyi hər iki dövrdə şəhərin inkişafına verdiyi töhfələrin bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən söhbət açıb.

Görüş zamanı AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Əlimuxtar Muxtarov Türk dünyasının böyük mütəfəkkiri, dahi Azərbaycan şairi Nizami Gəncəvinin mənsub olduğu Azərbaycan xalqının bəşəri dəyərlərini dünya miqyasında təmsil və təbliğ edən dünya şairi olmasını qonaqların diqqətə çatdırıb. Tədqiqatçı qeyd edib ki, istər Şərqdə, istərsə də Qərb ölkələrində Nizami irsinin, yaradıcılığıın sevilə-sevilə böyük maraqla öyrənilməsinin əsas səbələrindən biri dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığında yer alan tolerantlıq, multikulturalizm, birgəyaşayış, humanizm kimi ideyaların aparıcı olmasıdır.

Ə.Muxtarov Azərbaycan nizamişümaslığının, dahi şairin məqbərəsinin tarixindən qonaqlara söhbət açaraq qed edib ki, bir əsrdən artıq tarixə malik olan Azərbaycan Nizamişünaslığının intibah dövrü Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Görkəmli dövlət xadimi Heydər Əliyevin XX əsrin 60-cı illərinin sonlarından başlayaraq dahi mütəfəkkirin irsinin öyrənilməsi, tərcüməsi, yubileylərinin qeyd edilməsi və məqbərəsinin qorunması, bərpası istiqamətində həyata keçirdiyi dövlət tədbirlərinin tarixi əhəmiyyətini və bu siyasətin bu gün  Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən daha da inkişaf etdirilərək uğurla davam etdirilməsini, cənab Prezidentimizin dahi mütəfəkkirin 870 və 880 illik yubileylərinin qeyd edilməsi ilə bağlı imzaladığı sərəncamları, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təsis edilməsini və Azərbaycan Prezidentinin himayəsi altında həyata keçirilən Qlobal Bakı Forumlarının tarixi missiyasını, 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi kimi  mühüm fəaliyyətlərin Prezident İlham Əliyevin adı ilə bağlı olmasını qonaqların diqqətinə çatdırıb.

Qonaqlar da öz növbələrində Avropada Nizami irsinin XVII əsrdən öyrənilməyə başlamasını vurğulamaqla yanaşı, Nizami Gəncəvinin tədqiqatçısı olan hər bir xarici ölkə aliminin həyatında bir dəfə də olsa, Gəncəni - Nizami Gəncəvi məqbərəsini ziyarət etməsinin zəruriliyini qeyd ediblər: “Nizaminin vətəni, məqbərəsi insanda elə duyğular formalaşdırır ki, sanki bu sehrli, müqəddəs məkanda Nizami özü səninlə danışır”.

Səfər çərçivəsində qonaqlar Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunan Nizami Gəncəvi Muzeyini ziyarət edərək, böyük Azərbaycan şairinin Muzeydə sərgilənən əlyazmaları ilə tanış olublar.

Qonaqları müşayiət edən alimlərdən Gəncə Dövlət Universitetinin dosenti Səidə İsmayılzadə və AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri fəl.ü.f.d., dos. Zöhrə Əliyeva da  müzakirələrdə iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: