Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

05.06.2026 15:21
  • A-
  • A
  • A+

Gənc folklorşünaslar Birinci Beynəlxalq Türk Dünyası Tələbə Simpoziumunda məruzə ediblər

Gənc folklorşünaslar Birinci Beynəlxalq Türk Dünyası Tələbə Simpoziumunda məruzə ediblər

AMEA Folklor İnstitutunun doktorantları Türk dünyasının ortaq mədəni irsinin elmi müstəvidə araşdırılmasına həsr olunmuş Birinci Beynəlxalq Türk Dünyası Tələbə Simpoziumunda onlayn formatda məruzələrlə çıxış ediblər. Tərəfdaş qurumlar arasında AMEA Folklor İnstitutunun da yer aldığı tədbir Balıkesir Universitetinin ev sahibliyi ilə təşkil olunub.

İnstitutun doktorantı Elfanə Cəərçiyeva “Sakral nizamın müdafiəsi: əfsanələrdə günah, tabu və cəza mexanizmi” mövzusunda məruzə təqdim edib. Çıxışda əfsanələrin kollektiv etik yaddaşın daşıyıcısı kimi funksiyası, sakral dəyərlərin qorunması mexanizmləri, eləcə də günah, tabu və cəza anlayışlarının folklor mətnlərindəki funksional-semantik aspektləri təhlil olunub.

Araşdırmada tabu pozuntusuna yönələn cəza motivlərinin yalnız fərdi davranışla məhdudlaşmayaraq, cəmiyyətin mənəvi sərhədlərini və sakral nizamını qoruyan kollektiv yaddaş mexanizmi kimi çıxış etdiyi vurğulanıb.

Digər doktorant Aytəkin Zeynalova “Naxçıvan folklorunda oyunların toplanması və nəşri məsələləri” mövzusunda çıxış edib. Məruzədə Naxçıvan bölgəsində yayılmış ənənəvi xalq oyunlarının toplanması, öyrənilməsi, nəşri və gələcək nəsillərə ötürülməsinin əhəmiyyətindən bəhs olunub. Bildirilib ki, xalq oyunları milli-mənəvi dəyərlərin, tarixi yaddaşın və mədəni irsin qorunub saxlanılmasında mühüm rol oynayır. Eyni zamanda oyunların sistemli şəkildə sənədləşdirilməsi, rəqəmsallaşdırılması və elmi dövriyyəyə daxil edilməsinin vacibliyi vurğulanıb.

Folklor İnstitutunun doktorantı Amil Əzimli elmi konfransda türk dastan təfəkküründəki "Alp qadın" tipinin folklorik və tarixi varisliyinə dair məruzə edib. Məruzədə mifoloji-epik yaddaşdan gələn qadın qəhrəmanlığı kodlarının real həyatda qaçaq və efe hərəkatlarına necə transformasiya olunduğu, Həcər, Efe Ayşe, Gördesli Makbulə, Qaçaq Gülsüm kimi obrazların xalq nəğmələrində və dastanlarında kollektiv ruhun tərcümanına çevrilməsi elmi müstəvidə təhlil edilib.

Simpozium gənc tədqiqatçılar arasında elmi əlaqələrin genişlənməsi və yeni tədqiqat istiqamətlərinin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: