Avqustun 28-də Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov akademiyanın Lənkəran Regional Elmi Mərkəzində (REM) olub. Akademik-katib burada həyata keçirilən elmi, elmi-təşkilati və təsərrüfat işləri ilə yaxından tanış olub.
Lənkəran REM-in direktoru, professor Fərman Quliyev son illər rəhbərlik etdiyi qurumda aparılan elmi-tədqiqat işlərinin istiqamətləri, əldə edilən elmi nəticələrin istehsalata tətbiqi ilə bağlı həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Qeyd edib ki, son illər mərkəz tərəfindən 4 yeni çay sortu yaradılaraq rayonlaşdırılıb, 1 limon və 1 naringi sortu sınaqlar üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə təqdim edilib. O, həmçinin əlavə edib ki, ölkəmiz üçün yeni bir meyvənin - tropik-subtropik quayavanın rayonlaşdırılması istiqamətində də tədqiqatlar davam etdirilir.
AMEA-nın müxbir üzvü Ə.Sadıqov mərkəzin təcrübə sahəsində görülən işlərlə əyani şəkildə tanış olub. Professor F.Quliyev burada yeni çay və sitrus sortlarından ibarət plantasiya, bitkilərin çiling üsulu ilə artırılması üçün yaradılan dumanyaradıcı qurğu, yeni çay sortlarından ibarət anaclıq çay sahəsi, “tropiklərin alması” adlandırılan quayava bitkisinin artırılması istiqamətində həyata keçirilən işlər barədə ətraflı danışıb.
AMEA-nın akademik-katibi Ə.Sadıqov professor F.Quliyevin rəhbərliyi ilə Lənkəran REM-də qısa zaman ərzində yeni çay və sitrus meyvə sortlarının yaradılması və istehsalata tətbiqi istiqamətində aparılan elmi-tədqiqat və təcrübə-sınaq işləri yüksək qiymətləndirib, bu işlərin ölkəmizdə çayçılığın və sitrus meyvəçiliyinin inkişafına dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə təsdiq edilmiş dövlət proqramlarının yerinə yetirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. O, AMEA Rəyasət Heyətinin və Biologiya və Tibb Elmləri Bölməsinin Lənkəran REM-də aparılan elmi-tədqiqat işlərinə böyük önəm verdiklərini vurğulayaraq, bundan sonra da AMEA rəhbərliyi tərəfindən bu işlərin həyata keçirilməsi üçün Mərkəzə hərtərəfli dəstək veriləcəyini bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.