AR ETN Molekulyar Biologiya İnstitutu tərəfindən nəşr olunan "Transactions of the Institute of Molecular Biology & Biotechnologies" (TIMBB) jurnalı (ISSN: çap -2709-0744; onlayn - 2709-0752) beynəlxalq nüfuzlu SCOPUS elmi indeksləmə bazasına qəbul edilib. Molekulyar biologiya, genetika, biokimya, biotexnologiya, bioinformatika, aqrar və tibb elmləri üzrə multidissiplinar tədqiqatların dərc olunduğu beynəlxalq resenziyalı açıq girişli jurnal Azərbaycanın biologiya istiqaməti üzrə SCOPUS-da təmsil olunan ilk milli elmi nəşrlərindən biridir.
Bu mühüm nailiyyət jurnalın beynəlxalq elmi nəşrlər sistemində mövqeyini daha da möhkəmləndirməklə yanaşı, Azərbaycanda aparılan fundamental və tətbiqi elmi tədqiqatların qlobal elmi ictimaiyyətə daha geniş çatdırılmasına, alimlərin elmi görünürlüğünün və sitatgətirmə potensialının artmasına, eləcə də ölkəmizin elmi nüfuzunun yüksəlməsinə mühüm töhfə verəcəkdir.
Son illər ərzində jurnalın beynəlxalq elmi nəşr standartlarına tam uyğunlaşdırılması istiqamətində genişmiqyaslı islahatlar həyata keçirilib. İlk növbədə jurnalın rəsmi internet səhifəsi (www.timbb.az) müasir beynəlxalq tələblərə uyğun şəkildə tam yenilənərək funksional və istifadəçi yönümlü platformaya çevrilib. Saytda açıq elmin prinsiplərinə uyğun Open Access siyasəti, COPE nəşr etikası prinsipləri, Creative Commons (CC BY 4.0) lisenziyası, DOI sistemi, ORCID inteqrasiyası, müəllif və rəyçi təlimatları, plagiat siyasəti, müəllif hüquqları, məqalələrin elektron idarəetmə sistemi və digər mühüm beynəlxalq standartlar tətbiq olunub.
Jurnalın beynəlxalq nüfuzunun formalaşmasında onun yüksək səviyyəli redaksiya heyəti də xüsusi rol oynayır. Burada ABŞ, Böyük Britaniya, Almaniya, İspaniya, Türkiyə, Çin, Cənubi Koreya, Macarıstan, Rumıniya, Pakistan, Hindistan, Ukrayna, Özbəkistan və digər ölkələrin tanınmış alimləri təmsil olunurlar. Xüsusilə vurğulanmalıdır ki, Nobel mükafatı laureatı, dünya şöhrətli alim, professor Əziz Səncər jurnalın Redaksiya Heyətinin fəxri üzvüdür.
Jurnal ildə iki dəfə nəşr olunur və bütün məqalələr müstəqil ekspertlər tərəfindən ciddi rəy prosesindən keçirilir. Xarici ölkələrdən olan nüfuzlu mütəxəssislərin rəylərinin alınması redaksiya siyasətinin əsas istiqamətlərindən biridir və elmi məqalələrin obyektiv qiymətləndirilməsini təmin edir.
SCOPUS beynəlxalq indeksləmə bazasına qəbul olunmaq "Transactions of the Institute of Molecular Biology & Biotechnologies" jurnalının inkişaf tarixində mühüm mərhələdir və Azərbaycan elminin beynəlxalq elmi informasiya məkanına inteqrasiyası istiqamətində də əhəmiyyətli nailiyyətdir.
Bu uğur AR Elm və Təhsil Nazirliyinin, o cümlədən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəhbərliyi ilə aparılan məqsədyönlü fəaliyyətin, beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlərin və redaksiya heyətinin uzunmüddətli, sistemli zəhmətinin bəhrəsidir.