AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Şərq-Qərb şöbəsinin əməkdaşı Elvin Sultanovun "Azərbaycan Xalq Cümhuriyyəti öz dövrünün Misir mətbuatında" adlı məqaləsi Misirin "əl-Əxbār əl-Məsāʾī" və "əl-ʿAləm əl-ʿArabī", həmçinin Əlcəzairin "Tarīq əl-Harīr" mətbu orqanlarının saytlarında dərc olunub.
Məqalədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, siyasi vəziyyəti, əhalisi və ərazisi haqqında məlumat verilib. Yazıda, həmçinin Misirin qədim qəzetlərindən olan "əl-Əhram"ın 27 iyul 1919-cu il tarixli "Azərbaycan hökuməti və Parisdəki nümayəndə heyəti istiqlal tələb edir" adlı məqaləsindən bir hissə təqdim olunub və oradakı bəzi məqamlara aydınlıq gətirilib.
Məqalədə qeyd olunur ki, 11 yanvar 1920-ci ildə Paris Sülh Konfransının Ali Şurası Azərbaycan Xalq Cümhuriyyətini de-fakto tanımış və həmin dövrdə tanınan Azərbaycan ərazisi Zəngəzur bölgəsini də əhatə etmişdir. Məqalədə müasir Azərbaycan Respublikasının AXC-nin siyasi və hüquqi varisi olduğu da diqqətə çatdırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.