Sentyabrın 18-də AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, Rəyasət Heyətinin üzvləri və akademiyanın elmi müəssisə və təşkilatlarının direktorlarının iştirakı ilə akademiyanın Nəqliyyat-Təsərrüfat və Təmir-Tikinti şöbələrinin ərazisində aparılmış təmir və yenidənqurma işlərinə baxış keçirilib.
Görüşdə çıxış edən AMEA-nın İşlər idarəsinin müdiri, professor Elton Məmmədov bildirib ki, Nəqliyyat-Təsərrüfat şöbəsinin əsas fəaliyyət istiqaməti akademiyanın balansında olan nəqliyyat vasitələrinin təmiri və texniki servisinin təşkilini həyata keçirməkdir. Professor Elton Məmmədov bu gün Nəqliyyat-Təsərrüfat şöbəsində müasir standartlara uyğun, avtomobillərin texniki baxışını həyata keçirməyə imkan verən logistika, nəqliyyat, mərkəzləşmiş kompressor sistemi, yağdəyişmə, yuma məntəqələrinin yaradıldığını, eləcə də inzibati binanın tikildiyini və şəxsi heyətin istifadəsi üçün qida təhlükəsizliyi standartlarına cavab verən avadanlıqlarla təchiz olunmuş yeməkxananın qurulduğunu diqqətə çatdırıb. Həmçinin gələcəkdə maşınların təmiri üçün ehtiyat hissələrinin də gətirilməsinin nəzərdə tutulduğunu vurğulayıb.
Sonra Təmir-tikinti şöbəsinin ərazisinə baxış keçirilib. E.Məmmədov diqqətə çatırıb ki, şöbənin ərazisi akademiyanın inventarında olan əşyaların bərpa və təmiri, eləcə də mərkəzi satınalmalar sisteminin bərpasından sonra logistika mərkəzi kimi istifadə ediləcək. İdarə müdiri təmir işləri zamanı sökülən bütün əşyaların aktlaşdırıldığını, bir qisminin Xızı Dayaq Məntəqəsinə göndərildiyini, digərlərinin isə şöbənin anbarlarında saxlanıldığını diqqətə çatdırıb.
Professor Elton Məmmədov daha sonra Rəyasət Heyətinin üzvlərinin müvafiq suallarını cavablandırıb.
Qeyd edək ki, sentyabrın 17-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov AMEA-nın Nəqliyyat-Təsərrüfat və Təmir-Tikinti şöbələrinin ərazisində aparılmış təmir və yenidənqurma işlərilə tanış olub, öz məmnunluğunu ifadə edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.