Sentyabrın 18-də AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev akademiyanın Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) aparılan seysmoloji, geofiziki, geodinamik və geokimyəvi tədqiqatlarla tanış olub.
AMEA Rəyasət Heyətinin üzvlərinin də iştirak etdiyi tədbirdə RSXM-in direktoru, akademiyanın müxbir üzvü Qurban Yetirmişli çıxış edərək bildirib ki, mərkəz tərəfindən tədqiqatlar 62 seysmik stansiyadan ibarət şəbəkənin məlumatları əsasında həyata keçirilir. Q.Yetirmişli 2021-ci ilə qədər mərkəzin Azərbaycan ərazisində fəaliyyət göstərən stansiyalarının sayının 84-ə yüksəldiləcəyini söyləyib.
Həmçinin diqqətə çatdırıb ki, 2019-cu il ərzində Abşeron yarımadasında 7 məntəqədə Bazalt tipli gözləmə rejimində işləyən şəbəkənin stansiyalarında profilaktik işlər aparılıb, paralel olaraq ayda 1 dəfə cihazlardan seysmoloji məlumatların elektron daşıyıcılarına köçürülməsi həyata keçirilib.
Stansiyaların seysmoloji-geofiziki-geodinamiki kompleks tədqiqatlarda istifadə edilən cihazlarını nümayiş etdirən alim onların texniki imkanları barədə məlumat verib, baş vermiş zəlzələlər haqqında toplanılan təcili məlumatların müvafiq qurumlara göndərildiyini söyləyib.
Mərkəz direktoru 427-2019-cu illər ərzində Azərbaycan ərazisində güclü zəlzələlərin episentrlər xəritəsini təqdim edib, 2020-ci ilin ötən dövründə ölkəmiz və ona bitişik ərazilərdə 5428 zəlzələnin baş verdiyini, onlardan 14-nün hiss olunduğunu vurğulayıb. Qurban Yetirmişli Şamaxı-İsmayıllı zonasında seysmik aktivliyin müşahidə edildiyini bildirib, eləcə də son bir neçə ildə sözügedən ərazidə baş verən zəlzələrdən danışıb.
Alim Azərbaycanda ilk dəfə Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən palçıq vulkanlarının püskürmə dərinliyinin və hansı müddətə davam etməsi barədə analizlərin aparıldığını da diqqətə çatdırıb.
Rəhbərlik etdiyi müəssisənin beynəlxalq əlaqələri və layihələri barədə məlumat verən Qurban Yetirmişli bu gün RSXM-in ABŞ və Avropanın aparıcı seysmoloji və geofiziki təşkilatlarına üzv olduğunu, birgə önəmli tədqiqatlar apardığını deyib.
Natiq, həmçinin mərkəz tərəfindən ötən dövr ərzində 600 elmi məqalə və 10 monoqrafiyanın çap edildiyini söyləyib, qurumun əməkdaşlarının iştirak etdiyi konfrans, simpozium və tədqiqatlardan danışıb.
Sonda qurumun rəhbəri RSXM-in yeni nəşrlərini AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevə təqdim edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.