Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Azərbaycan əsgəri Ali Baş Komandanla həmrəydir
06.10.2020 15:45
  • A-
  • A
  • A+

Azərbaycan əsgəri Ali Baş Komandanla həmrəydir

Güclü iqtisadiyyatı olan ölkənin güclü orduya malik olması onun mövqelərini daha da möhkəmləndirir, gücləndirir, beynəlxalq münasibətlər sistemində yeri və rolunu artırır, milli maraqlarının qorunmasında mühüm rol oynayır. Müharibə şəraitində yaşayan ölkəmizin güclü, qüdrətli Ordusu, Qəhrəman Azərbaycan əsgəri  var.

Bunu AMEA-nın müxbir üzvü Dendrologiya İnstitutunun direktoru Tofiq Məmmədov qəhrəman Azərbaycan əsgəri haqqında danışarkən vuğulayıb.

“Bu gün böyük fəxrlə qeyd edirik ki, Milli Ordumuz hər bir azərbaycanlının qürur mənbəyinə çevrilib. Son 17 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində atdığı addımlar 30 ilə yaxındır ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından müsbət nəticəsini vermir. İşğalçı dövlət təxribatları, sərsəm bəyanatları ilə danışıqlar prosesini uzadır. Son təxribatları Ermənistanın yeni ərazilər naminə müharibəyə hazırlaşdığını ortaya qoysa da, dünya susdu.

Azərbaycan Prezidenti İlham Əliyev ən yüksək tribunalardan bəyan edir ki, işğal altında olan torpaqlarımızı istənilən yolla azad etmək suveren hüququmuzdur.Bu gün Azərbaycan Ordusu çox yüksək səviyyədədir. Ordumuzda peşəkarlıq, döyüş qabiliyyəti artır, Silahlı Qüvvələrdə ruh yüksəkliyi vardır. Azərbaycan dövləti işğalçı ölkənin təxribatlarına dözmək niyyətində deyil, düşmənə layiqli cavab vermək əzmində və gücündədir. Bu, eyni zamanda, Azərbaycan Ordusunun gücünü, hərbçilərimizin rəşadət və cəsarətini düşmənə bir daha əyani surətdə nümayiş etdirdi. Hadisələr həm də erməni təbliğat maşınının Ermənistan ordusunun gücü haqqında formalaşdırdığı mifin, bu cür iddiaların heç bir əsası olmadığını növbəti dəfə göstərdi. Müstəqilliyi qoruyub saxlamaq üçün güclü ordu ən vacib şərtlərdəndir. Güclü ordusu olmayan dövlətin müstəqilliyi daim düşmənlərin, yadellilərin təhlükəsi altındadır. Müasir dövrdə Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuz zəngin maddi-texniki bazaya, ən yeni silahlara malikdir. Ordunu yenilməz edən təkcə silah və texnikanın gücü deyil. Ən yeni raketlərin, güclü silahların, topların, döyüş maşınların ola bilər. Lakin sənin qorxmaz, mərd, cəsur əsgərlərin yoxdursa, məğlub olarsan.

"Öncə Vətəndir!" deyən oğullardır bizi yenilməz edən. Azərbaycan əsgərinin ən güclü silahı vətənpərvərliyi, Vətən sevgisidi!...

Cəmiyyətimiz Azərbaycan Ordusuna vahid mərkəzdən idarə olunan, maddi-texniki bazası, intellektual potensialı xeyli möhkəmlənmiş, istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir bir qüvvə kimi böyük inam bəsləyir.Azərbaycan Ordusu döyüş meydanında öz gücünü göstərməklə bu inamın əbəs yerə olmadığını sübuta yetirib.

Bu gün xalqımız tarixi günlərini yaşayır. Cəbhə bölgələrindən gələn xoş, qələbə xəbərləri harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıları ruhlandırır, ordumuza dəstəklərini müxtəlif formalarda ifadə edirlər. Xaricdə yaşayan azərbaycanlıların keçirdikləri yürüşlərə, aksiyalara Türkiyə diaspor təşkilatları da qatılaraq Azərbaycanın haqq səsinin bir daha dünya ictimaiyyətinə çatdırılmasına öz dəstəklərini göstərirlər.

Oktyabrın 3-ü tariximizə bir çox yaşayış məntəqələrimizin azad olundugu gün kimi daxil oldu. Bu gün Cəbrayılın işğaldan azad edilməsi Ermənistana, onun havadarlarına dərs olmalıdır: “Biz haqq-ədalət tərəfindəyik. Biz tarixin ən şərəfli anlarını yaşayırıq. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında bugünkü hadisələr xüsusi yerdədir. Biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq. Prezident İlham Əliyevin son bir ildə iştirak etdiyi beynəlxalq səviyyəli tədbirlərdəki çıxışlarına, xarici KİV-lərə müsahibələrinə, Ermənistanın baş naziri ilə debatlara diqqət yetirsək görərik ki, əsas məsələ Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bir daha işğalçı dövlətə və onun havadarlarına çatdırmaqdır.

Ötən il “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışında Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” bəyanatına “Qarabağ Azərbaycandır və nida işarəsi” cavabını verdi. Bu günlərdə Prezident İlham Əliyev BMT tribunasından, “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan verilişdə, “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində Ermənistanın işğalçılıq siyasətini faktlar əsasında diqqətə çatdıraraq bir daha bu əminliyi ifadə etmişdir ki, biz öz torpaqlarımıza geri qayıdacağıq. Bu, bizim qanuni hüququmuzdur. Bu, bizim üçün tarixi vəzifədir və əminəm ki, biz buna nail olacağıq.

Azərbaycan Ordusunun cəbhə bölgələrində göstərdiyi şücaət qürurvericidir. Paytaxt Bakımızı zəfər bayraqlarımız bəzəyir. Xalqımız cəbhədən gələn qələbə xəbərlərini “Eşq olsun Azərbaycan əsgərinə!”, “İgid əsgər, irəli!”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Prezident-xalq-ordu birliyi sarsılmazdır” kimi döyüş ruhlu çağırışlarla ordumuza dəstəklərini ifadə edirlər. İşğaldan azad olunan yaşayış məntəqələrimizdə sancılan üçrəngli bayrağımız birliyimizi, həmrəyliyimizi, qələbə əzmimizi özündə ehtiva edir. Daha bir xoş xəbər Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun 2010-cu il iyunun 18-də təkbaşına döyüşərək xeyli sayda düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan Bayrağının sancılmasıdır. Torpaqlarımızın işğaldan azad olunması şəhidlərimizin ruhunu şad edir. Azərbaycan əsgərləri böyük ruh yüksəkliyi ilə döyüşləri davam etdirərək hər an bizi qələbəyə yaxınlaşdırır, “şəhidlərimizin qanı yerdə qalmayacaq” bildirirlər. Güc üstünlüyü artıq Azərbaycanın tərəfindədir. Azərbaycan xalqının həsrətinə son qoyulur. Ordumuzun gücü hesabına tarixi ədalət bərpa olunacaqdır. Şanlı Azərbaycan Ordusu bütün torpaqları qaytaracaq.

Ölkə Prezidentinin də qeyd etdiyi kimi: “Biz haqq-ədalət tərəfindəyik. Biz tarixin ən şərəfli anlarını yaşayırıq. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında bugünkü hadisələr xüsusi yerdədir. Biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq. Biz haqlıyıq, biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: