Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

11.12.2014 00:00
  • A-
  • A
  • A+

AMEA-da Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüş keçirilib

AMEA-da Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüş keçirilib

AMEA prezidenti, akademik Akif Əlizadə Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin rəhbəri, səfir Malena Mard və nümayəndəliyin Əməliyyatlar Bölməsinin rəhbəri Yerun Villems ilə görüşüb.

Akademiyanın elmi müəssisə və təşkilatlarında müxtəlif istiqamətlərdə aparılan tədqiqatlar haqqında məlumat verən akademik A.Əlizadə müasir dövrdə Azərbaycan elminin nailiyyətlərinin xüsusilə innovativ xarakter daşıdığını diqqətə çatdırıb. Malena Mard isə səmimi qəbula və ikitərəfli əlaqələrin inkişafında göstərdiyi xidmətlərə görə öz təşəkkürünü bildirib.

Görüşdə qonaqlara Azərbaycan elminin dünyaya, həmçinin təhsil sistemlərinə inteqrasiyasından və AMEA-da magistratura təhsilinin təşkilindən də söhbət açılıb. Bildirilib ki, AMEA gənc kadr hazırlığı sahəsində beynəlxalq təcrübənin tətbiqini genişləndirməkdədir.

Akademik Akif Əlizadə qeyd edib ki, dünya təcrübəsinə əsaslanan elm texnoparkının, elm və biznesin birgə inkişafına xidmət edəcək İnnovasiya Fondunun, eləcə də biznes inkubatorlarının yaradılması nəzərdə tutulub.

Görüşdə ölkəmizdəki palçıq vulkanlarının müalicəvi əhəmiyyətindən, AMEA Təcrübə-Sənaye Zavodunun istehsalı olan sürtgü yağları və digər məhsulları haqqında da danışılıb. Ötən ay ölkəmizdə ilk dəfə təşkil olunmuş Bakı Elm Festivalına toxunan akademik Azərbaycanda elmin inkişafı və onun populyarlaşdırılmasına diqqət göstərildiyini vurğulayıb.

Sonda Aİ və Azərbaycan innovasiya mühitinin qiymətləndirilməsi və perspektiv istiqamətlər üzrə fikir mübadiləsi aparılıb, innovativ layihələrin dəstəklənməsi üzrə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: