Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

12.10.2020 14:04
  • A-
  • A
  • A+

AMEA-nın prezidenti Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun maddi-texniki bazası və burada yaradılan şəraitlə tanış olub

AMEA-nın prezidenti Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun maddi-texniki bazası və burada yaradılan şəraitlə tanış olub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda (MBBİ) aparılan elmi-tədqiqat işləri, müəssisənin maddi-texniki bazası və əməkdaşlar üçün yaradılan şəraitlə tanış olub.

Tədbirdə AMEA Rəyasət Heyətinin üzvləri - birinci vitse-prezidentlər akademik İsa Həbibbəyli və akademik İbrahim Quliyev, vitse-prezidentlər akademik Dilqəm Tağıyev, akademik İradə Hüseynova, akademik Rasim Əliquliyev, akademik-katib, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov və Rəyasət Heyətinin üzvü vəzifəsini icra edən, akademik Gövhər Baxşəliyeva iştirak ediblər.

İnstitutun direktoru, akademik İradə Hüseynova qonaqları qarşılayaraq rəhbərlik etdiyi müəssisənin tarixi və burada aparılan elmi-tədqiqat işləri, əldə edilən mühüm nəticələr barədə məlumat verib. Bildirib ki, AMEA-nın 30 iyun 2014-cü il tarixli Ümumi yığıncağında Botanika İnstitutunun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin bazasında Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılması haqqında qərar qəbul edilib və 1 iyul 2016-cı il tarixindən etibarən qurum müstəqil fəaliyyətə başlayıb. Alim müəssisənin maddi-texniki bazasının təşkilində, tədqiqat istiqamətlərinin müəyyənləşməsində və kadr potensialının zənginləşməsində akademik Cəlal Əliyevin mühüm xidmətləri olduğunu söyləyib.

Akademik İradə Hüseynova diqqətə çatdırıb ki, hazırda MBBİ-də fotosintez prosesində günəş enerjisinin elektrokimyəvi və metabolik çevrilmələrinin molekulyar mexanizmlərinin öyrənilməsi, bitkilərin abiotik və biotik amillərə davamlılığının molekulyar mexanizmlərinin aydınlaşdırılması, Eukariot genomlarının təşkili və ekspressiyasının müqayisəli tədqiqi, molekulyar və hüceyrə biotexnologiyası yolu ilə kənd təsərrüfatı və insan sağlamlığı problemlərinin həlli yollarının araşdırılması, respublikanın ərzaq təhlükəsizliyi, quraqlığa, şoranlığa davamlı buğda sortlarının yetişdirilməsi, Azərbaycan populyasiyasının, uzunömürlülüyün öyrənilməsi və digər istiqamətlərdə mühüm tədqiqatlar aparılır və önəmli nəticələr əldə edilir.

Buğda genotiplərinin duza, quraqlığa davamlılığının potensialının molekulyar markerlərlə qiymətləndirilməsi istiqamətdə tədqiqatlar aparıldığını deyən İradə Hüseynova 5-10 ildən bir buğda sortlarının dəyişdirilməsinin zəruri olduğunu, nəticədə əməli sortların seçilərək çarpazlaşdırma metodundan istifadə etməklə yeni növlərin yetişdirildiyini, laboratoriya və daha sonra sahələrdə sınaqdan keçirildiyini vurğulayıb.

Aqrar sektorun inkişafı, ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində Kənd Təsərrüfatı Nazirliyi (KTN) ilə əməkdaşlıq əlaqələrinə də toxunan akademik bildirib ki, oktyabrın 6-da KTN və AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin rəhbər şəxsləri, elmi tədqiqat institutlarının alim və mütəxəssislərinin iştirakı ilə akademiyanın müvafiq institutlarının təqdim etdikləri və icrası planlaşdırılan layihələrin müzakirəsinə həsr edilən onlayn seminar keçirilib. İ.Hüseynova sözügedən tədbirdə MBBİ-nin aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Rüstəmova tərəfindən “Rəqəmsal və genom texnologiyaların tətbiqi əsasında buğdanın quraqlığa davamlı və yüksək məhsuldar rüşeym plazmasının seçilməsi və seleksiya proqramlarında istifadəsi” layihəsinin təqdim olunduğunu vurğulayıb.

Azərbaycan populyasiyasının öyrənilməsi istiqamətində də geniş tədqiqatların aparılmasına ehtiyac olduğunu deyən natiq artıq MBBİ-də ilkin nəticələrin əldə olunduğunu, 765 nəfər qohum olmayan vətəndaşdan ibarət Azərbaycan populyasiya nümunəsinin araşdırıldığını və populyasion-genetik və forensik parametrlərin təyin edildiyini söyləyib. Akademik, həmçinin Azərbaycanda uzunömürlülüyün öyrənilməsinə dair AMEA-nın Fiziologiya İnstitutu ilə əməkdaşlıq edildiyini diqqətə çatdırıb.

Akademik İradə Hüseynova bu gün müəssisədə Hesablama struktur biologiyası (Kembric Universiteti) və Proteomiks (Cənubi Koreya) beynəlxalq laboratoriyalarının fəaliyyət göstərdiyini, dünyanın bir çox aparıcı mərkəzləri ilə əməkdaşlıq əlaqələrinin qurulduğunu diqqətə çatdırıb.

İnstitutda mövcud olan avadanlıqların vəziyyətinə də toxunan alim bunların əksəriyyətinin akademik Cəlal Əliyevin təşəbbüsləri, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun və digər qrant layihələri çərçivəsində alındığını vurğulayıb. Müəssisə əməkdaşlarının 70 faizinin gənclərdən təşkil olunduğunu bildirən alim hazırda MBBİ-də magistrant və doktorantların yetişdirilməsi, ABŞ, Almaniya, Cənubi Koreya və digər aparıcı ölkələrin elm mərkəzlərində təcrübəyə cəlb edilməsi istiqamətində sistemli addımların atıldığını, həmçinin gənc kadrların yetişdirilməsi, daha dərin tədqiqatların aparılması üçün müasir avadanlıqlara ehtiyac olduğunu söyləyib. Bundan əlavə, müəssisədə -80 dərəcə temperaturda nümunələri qoruyub saxlaya bilən, həmçinin temperatur, rütubət və işığın tənzimlənməsi ilə bitki yetişdirməyə imkan verən avadanlıqları əyani nümayiş etdirib.

Alim MBBİ-də əldə olunan nəticələrin "Springer" kimi dünyaca nüfuzlu nəşriyyatlarda, həmçinin beynəlxalq impakt faktorlu jurnallarda işıq üzü gördüyünü söyləyib.

İradə Hüseynova çıxışının sonunda Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşlarının ailə üzvlərinin və yaxın qohumlarının Ermənistan silahlı qüvvələrinin təxribatına cavab olaraq Azərbaycan Ordusunun ölkəmizin ərazi bütövlüyü uğrunda başlatdığı əks-hücum əməliyyatlarında iştirak etdiklərini bildirib.

Daha sonra AMEA rəhbərliyi akademik Cəlal Əliyevin iş otağı, kitabxanası və xatirə şəkillərinə baxış keçirib.

Müəssisədə yaradılan şəraitdən məmnunluğunu dilə gətirən AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev akademik Cəlal Əliyevin elmə böyük xidmət göstərdiyini və daima Azərbaycan elminin müdafiəçisi olduğunu söyləyib. MBBİ-də müxtəlif istiqamətli müasir elmi tədqiqatların aparılmasını təqdirəlayiq hal kimi qiymətləndirən AMEA prezidenti institutun kollektivi arasında gənclərin üstünlük təşkil etməsinin Azərbaycan elminin gələcəyi baxımından önəmli olduğunu bildirib və onların tədqiqat aparması üçün zəruri şəraitin yaradılmasının, beynəlxalq elm mərkəzlərinə təcrübəyə göndərilməsinin vacibliyinə toxunub. Bundan əlavə, AMEA-nın digər elmi müəssisə və təşkilatları ilə sıx əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin, birgə elmi tədqiqatların aparılmasının önəmini qeyd edib. İnstitut rəhbərliyinə müvafiq tövsiyələrini çatdıran akademik Ramiz Mehdiyev MBBİ üçün zəruri avadanlıqların siyahısının hazırlanaraq AMEA Rəyasət Heyətinə təqdim olunmasını tapşırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: