Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi haqqında” 2 iyul 2013-cü il tarixli fərmanına müvafiq olaraq 14 gənc alim AMEA Rəyasət Heyətinin qərarı ilə “Gənclər üçün Prezident Mükafatı”na təqdim olunmuşdur.
10 dekabr 2014-cü il tarixdə AMEA Rəyasət Heyətinin iclasında mükafata təqdim olunan gənc alimlər AMEA-nın Fəxri Fərmanı ilə təltif olunmuşlar.
Qeyd edək ki, ölkə Prezidentinin Fərmanın icrasını təmin etmək məqsədi ilə mükafata namizədliyi təqdim olunacaq gənc alimlərin müəyyənləşdirilməsi üzrə Ekspert komissiyası yaradılmış, 14 gənc alim əldə etdikləri elmi nailiyyətlərə dair ekspert komissiyası qarşısında çıxış etmişlər.
Bölmə bürolarından təqdim olunan 14 nəfər gəncin elmi biliklərinin qiymətləndirilməsi həyata keçirilmişdir. Geniş müzakirədən sonra Ekspert komissiyası 4 nəfər gənc alimi “Gənclər üçün Prezident Mükafatı”na təqdim etmək üçün AMEA Rəyasət Heyətinə tövsiyə etmişdir.
AMEA Rəyasət Heyətinin iclasında “Gənclər üçün Prezident Mükafatı”na namizədliyi irəli sürülən 4 gənc alimin siyahısı müzakirə olunduqdan sonra AR Gənclər və İdman Nazirliyinə təqdim edilmişdir.
Prezident mükafatına namizədlər AMEA İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri, texnika üzrə fəlsəfə doktoru Nigar İsmayılova, İdarəetmə Sistemləri İnstitutunun elmi işçisi Nərmin Rzayeva, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin elmi işçisi Kəmalə Nuriyeva və Gəncə Bölməsinin elmi işçisi Elnur Həsənovdur.
Mükafat 10 min AZN, diplom, mükafatın nişanı və vəsiqəsindən ibarətdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.