AMEA ilə Rusiya Elmlər Akademiyası (REA) Yer Elmləri Bölməsi (YEB) arasında yeni birgə tədqiqat imkanları müzakirə edilib. Dekabrın 7-dən 10-na qədər Moskvaya səfər çərçivəsində AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti REA Yer Elmləri Bölməsinin alimləri ilə görüşüb. AMEA Yer Elmlər Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov və AMEA H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun da daxil olduğu nümayəndə heyətinin REA YEB-in akademik-katibi, akademik Aleksandr Qliko və onun müavini Mixail Fedonkinlə keçirilmiş görüşündə elmi əlaqələrin tərəflərin maraqları çərçivəsində və planlı inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı Yer elmləri sahəsində ötən illərdə yaranmış elmi əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyi qeyd edilib və Qafqaz-Xəzər regionunun geodinamik şəraitinin, geoloji təhlükələrin, karbohidrogen sistemlərinin, həmçinin palçıq vulkanizminin və ekoloji problemlərin birgə tədqiq edilməsinin prioritet istiqamət kimi qəbul edilməsi haqqında razılıq əldə olunub. Eyni zamanda, REA YEB-in tərkibindəki institutlarda geologiya, geofizika, seysmologiya, dəniz dibi tektonikası və coğrafiya üzrə Azərbaycan üçün vacib olan prioritet elmi istiqamətlərdə aspirantura təhsilinin qaydaları da müzakirə edilib.
Sonra AMEA nümayəndə heyəti REA-nın Yer Fizikası İnstitutunun direktoru, professor Sergey Tixoskiy ilə görüşüb. Azərbaycanlı alimlər institutda aparılan yeni elmi tədqiqatlara həsr olunmuş seminarda iştirak edib, institutun elmi-təcrubi bazası ilə yaxından tanış olublar. Birlikdə Qafqaz-Xəzər regionunda geofiziki və seysmik monitorinq və neft-qaz geofizikası sahəsində tədqiqatların aparılması planlaşdırılıb.
Səfər çərçivəsində REA-nın Coğrafiya İnstitutunun direktoru, akademik Vladimir Kotlyakov və institutun elmi işlər üzrə direktor müavini, professor Arkadiy Tişkov ilə, daha sonra REA-nın Okeanologiya İnstitutunun direktor müavini, müxbir üzvü, professor Leopold Lopkovski ilə görüşən AMEA-nın nümayəndə heyəti mümkün birgə fəaliyət planlarını müzakirə edib, dəniz dibinin geoloji quruluşunu və geoloji təhlükələri tədqiq etmək üçün nəzəri üsullar və geofiziki dəniz texnikası haqqında fikir mübadiləsi aparıb, həmçinin ilkin tədqiqat kimi “Xəzər dənizi və onun ətraf regionlarının atlası”nın yaradılması vacib hesab olunub.
Səfərin sonunda REA və AMEA Yer Elmləri Bölmələri arasında Qafqaz –Xəzər regionunda birgə tədqiqatların aparılması haqqında müqavilənin şərtləri müəyyənləşdirilib və tədqiqatların elmi proqramı hazırlanıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.