Bu gün AMEA Mərkəzi Elmi Kitabxanasında görkəmli ədəbiyyatşünas alim, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Azadə Rüstəmovanın elmi-ictimai fəaliyyətinə həsr olunmuş “Çağımızdan görünən orta əsrlər” mövzusunda Beynəlxalq elmi konfrans öz işinə başladı.
Öncə görkəmli alimin həyat və yaradıcılığını əks etdirən sənədli film nümayiş etdirildi.
Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq A.Rüstəmovanın Azərbaycan ədəbiyyatşünaslığındakı xidmətlərindən danışdı. Bildirdi ki, alim Ədəbiyyat İnstitutunda baş elmi işçi, şöbə müdiri vəzifələrində çalışarkən qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının tarixi-nəzəri problemlərinə dair qiymətli əsərlər yazmışdır.
Akademik İsa Həbibbəyli alimin elmi fəaliyyətinin səciyyəvi xüsusiyyətlərindən danışarkən bildirdi ki, Azadə xanım güclü analitik təfəkkürə malik olan, müqayisəli idrak metodlarından yerli-yerində, səmərəli istifadə edə bilən, ədəbi-tarixi materialları dərindən öyrənən, təhlil edən, təhlillərini müasir elmi-nəzəri problemlərlə əlaqələndirən görkəmli ədəbiyyatşünas alimlərimizdən biri idi.
İ.Həbibbəyli qeyd etdi ki, alimin ədəbi fəaliyyətinin əsas istiqamətini orta əsrlər ədəbiyyatının tarixi-nəzəri problemlərinin tədqiq və təhlili təşkil edirdi. Fəaliyyətini orta əsrlər ədəbi mühitinin tədqiqinə bağlayan A.Rüstəmova klassik şeirimizdə obraz və xarakterləri təhlil etmiş, ədəbiyyatşünaslıqda nisbətən az öyrənilmiş, ya da heç öyrənilməmiş məqamların açılmasına xüsusi diqqət yetirmiş, poeziyamızın metod, janr, üslub xüsusiyyətləri, sələf, xələf, varis, irs problemlərini, folklor ənənələrini araşdırmışdır: “Azadə xanımın elmi yaradıcılığı əsasən klassik Azərbaycan ədəbiyyatının öyrənilməsi üzərində qurulmuşdur. Onun tədqiqatları görkəmli sənətkarların yaradıcılıqlarının tədqiqi ilə məhdudlaşmır, o həm də Azərbaycan ədəbiyyatının nəzəri məsələlərinə diqqət ayırırdı”.
“Azərbaycan epik şeirinin inkişaf yolları (XII-XVII əsrlər)” monoqrafiyasının onun ilk fundamental tədqiqat işi olduğunu qeyd edən natiq bildirdi ki, bu əsər klassik ədəbiyyatımızın təxminən 600 illik bir dövrünü əhatə edir. Alimin “Klassik Azərbaycan poeziyasında qəzəl. Janrın tarixi və poetikası” adlı kitabı da ədəbiyyatşünaslığımızda bu yönümdə ilk tədqiqat əsəridir.
Tədbirdə çıxış edən akademiklər Vasim Məmmədəliyev, Rafael Hüseynov, Teymur Kərimli, AMEA-nın müxbir üzvləri Nizami Cəfərov, Gövhər Baxşəliyeva, filologiya üzrə elmlər doktoru Fəridə Əzizova və başqaları A.Rüstəmovanın müxtəlif elmi istiqamətlərdə apardığı tədqiqatlarından, gənc alimlərə göstərdiyi qayğıdan söhbət açdılar. Azərbaycan ədəbiyyatının klassikləri Fələki Şirvani, Nəsimi, Füzuli, xüsusən Nizami Gəncəvi irsinin öyrənilməsində alimin əvəzsiz xidmətlərini yüksək dəyərləndirdilər.
İki gün davam edəcək konfrans öz işini bölmələr üzrə davam etdirdi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.