Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

16.11.2020 17:15
  • A-
  • A
  • A+

AMEA-nın Yüksək Texnologiyalar Parkında Azərbaycanın tarixi zəfəri qeyd olunub

AMEA-nın Yüksək Texnologiyalar Parkında Azərbaycanın tarixi zəfəri qeyd olunub

Noyabrın 16-da AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) növbəti iclası keçirilib. Tədbirdə Azərbaycanın şanlı ordusunun Dağlıq Qarabağ savaşında böyük qələbəsi qeyd edilib.

Əvvəlcə ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında böyük qəhrəmanlıqlar göstərərək canından keçmiş şəhidlərimizin ruhu ehtiramla anılıb, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev başda olmaqla, ordu heyətinə, qazilərimizə, bütün əsgər və zabitlərimizə sonsuz minnətdarlıq ifadə olunub.

Tədbiri giriş sözü ilə YT Parkın direktoru Vasif Abbasov açaraq ölkəmizin tarixi zəfəri ilə bağlı Azərbaycan xalqını, o cümlədən rəhbərlik etdiyi kollektivi təbrik edib. O, bu zəfərin tarixi əhəmiyyətindən danışaraq bildirib ki, dövlətimizin başçısı Azərbaycan tarixinə qızıl hərflərlə şanlı səhifələr yazdı. Bu tarix Azərbaycan xalqının kimliyini, onun dövlətinin gücünü, nüfuzunu bütün dünyaya bəyan etdi. 

Ölkə Prezidenti İlham Əliyevin yorulmaz fəaliyyəti nəticəsində əldə edilən siyasi, diplomatik uğurların bu qələbəyə zəmin yaratdığını deyən V.Abbasov zəfərin Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusunun şücaəti ilə qazanıldığını söyləyib.

Direktor vurğulayıb ki, Azərbaycan tarixinin şanlı səhifəsinə çevrilən, ölkəmiz üçün yeni iqtisadi, hərbi, siyasi mərhələnin başlanğıcı olan bu gün rəşadətli ordumuzun düşmənin “yenilməz ordusu” üzərində möhtəşəm qələbəsi ilə sona çatdı. Ermənistan bu döyüş zamanı haqq işi uğrunda vuruşan Azərbaycan əsgərlərinin vətənpərvərliyini, qəhrəmanlığını, yenilməzliyini etiraf etməyə məcbur oldu, onların döyüş əzmi qarşısında heyrətini gizlədə bilmədi. 

Daha sonra iclasda gündəlikdə duran məsələlər müzakirə olunub.

V.Abbasov AMEA Rəyasət Heyətinin “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dair elmi tədqiqat işləri ilə bağlı AMEA-nın vəzifələri haqqında” 30 oktyabr 2020-ci il tarixli qərarından bəhs edərək bildirib ki, Yüksək Texnologiyalar Parkı da bu qərarla bağlı öz təkliflərini bildirib. Onun sözlərinə görə, qurum tərəfindən işğaldan azad edilmiş ərazilərdə YT Parkın zəruri infrastruktura və maddi-texniki bazaya malik “Qarabağ” filialının açılması təklifi ilə çıxış edilib.

Sonra YT Parkda rezidentlik statusu əldə etmiş müəssisələrin fəaliyyəti məsələsinə baxılıb. Qarşıda duran problemlərin aradan qaldırılması və rezidentliyə yeni qəbul edilmiş şirkətlərin fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində bir sıra təkliflər səsləndirilib.

Parkın rəhbəri AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar AMEA əməkdaşlarının işə davamiyyətinin tənzimlənməsi haqqında” sərəncamını xatırladıb. Bildirib ki, AMEA-nın bütün elmi müəssisə, təşkilat və xidmətlərində karantin rejimi müddətində işçilərin onların ümumi sayının 30 faizindən çox olmamaq şərti ilə işə cəlb edilməsinə və zəruri hallarda növbəliliyin tətbiq edilməsinə icazə verilir. V.Abbasov YT Parkın fəaliyyətinin də qeyd olunan sərəncama əsasən həyata keçirildiyini diqqətə çatdırıb.

O, əlavə edib ki, karantin rejiminin qaydalarına uyğun olaraq YT Parkın ərazisi, iş otaqları mütəmadi olaraq dezinfeksiya edilir, işə çıxan əməkdaşlar qoruyucu maska, spirt və digər vasitələrlə təmin olunur. Həmçinin əməkdaşlarla karantin rejiminin şərtlərinə ciddi riayət edilməsinin önəmi ilə bağlı maarifləndirici söhbətlər aparılır.

Sonda YT Parkda təhlükəsizliyin təmini, kommunal xidmətlər, eləcə də təchizatla bağlı bir sıra cari məsələlər ətrafında müzakirələr aparılıb.

Müzakirələrdə çıxış edənlər öz təklif və tövsiyələrini səsləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: