Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycan Səfəvi dövlətinin Hindistanın türk-müsəlman sultanlıqları ilə qarşılıqlı əlaqələri tədqiq olunub
06.12.2020 17:09
  • A-
  • A
  • A+

Azərbaycan Səfəvi dövlətinin Hindistanın türk-müsəlman sultanlıqları ilə qarşılıqlı əlaqələri tədqiq olunub

AMEA-nın Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Tofiq Nəcəflinin “Azərbaycan Səfəvi dövlətinin Hindistanın türk-müsəlman sultanlıqları ilə əlaqələri” kitabı çap olunub.

İnstitutun Elmi şurasının qərarı ilə çap olunan kitabın elmi redaktoru, layihə rəhbəri və “Ön söz”ünün müəllifi müəssisənin direktoru, akademik Yaqub Mahmudovdur.

Monoqrafiyada Azərbaycan Səfəvi dövlətinin Hindistanın türk-müsəlman sultanlıqları ilə qarşılıqlı əlaqələri tarixşünaslığımızda ilk dəfə olaraq tədqiq edilib. Əsərdə XV əsrin sonlarında Hindistanın Dekan bölgəsində yaranan Adilşahlar, Nizamşahlar və Qütbşahlar dövlətləri barədə geniş məlumat verilib. Müəllif əsərində Səfəvi dövlətinin Dekanın türk-müsəlman sultanlıqları ilə qarşılıqlı əlaqələrini ilkin mənbələrdən və elmi ədəbiyyatdan istifadə edərək tədqiq edib. Nəşrdə Səfəvilərin bəhs olunan türk-müsəlman sultanlıqları ilə qarşılıqlı əlaqələr tarixinə dair zəngin materiallar verilib.

Kitabda ilk dəfə olaraq Səfəvi dövlətinin Hindistanın türk-müsəlman sultanlıqları ilə qarşılıqlı siyasi-iqtisadi əlaqələrinin yaranması və inkişafı nəzərdən keçirilib və bu əlaqələrin inkişafına təsir göstərən amillər təhlil edilib. Müəllif əsaslandırır ki, Səfəvilərin Dekanın türk-müsəlman sultanlıqları ilə siyasi və diplomatik əlaqələri ilə yanaşı, sıx iqtisadi münasibətləri də mövcud olub. Səfəvi dövlətinin Dekan sultanlıqları ilə iqtisadi əlaqələrində dəniz yolu əsas ticarət marşrutu idi.

Monoqrafiya tarixçilər, Azərbaycan Səfəvi dövlətinin xarici siyasət tarixini öyrənən tələbələr, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Xatırladaq ki, Tofiq Nəcəflinin bundan əvvəl “Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında”, “Qaraqoyunlular və Ağqoyunlular”, “Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətləri”, “Səfəvi-Osmanlı münasibətləri” və “Azərbaycan Səfəvi dövlətinin xarici siyasəti” monoqrafiyaları çap olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: