Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

09.12.2020 15:36
  • A-
  • A
  • A+

Akademik İbrahim Quliyev beynəlxalq forumda iştirak edib

Akademik İbrahim Quliyev beynəlxalq forumda iştirak edib

Dekabrın 8-də Rusiya Federasiyasının Xarici İşlər, Təbiət, Energetika, İqtisadi İnkişaf nazirlikləri, Rossotrudniçestvo agentliyi, Rusiya Elmlər Akademiyası (REA) və Ticarət-Sənaye Palatasının təşkilatçılığı və fəal iştirakı ilə baş tutan “Xəzər dialoqu” Beynəlxalq İqtisadi Forum çərçivəsində “Xəzər energetikasının inkişafı – innovativ əməkdaşlığın istiqamətləri” adlı Xəzər enerji forumu keçirilib.

Forum REA-nın müvafiq institutları və “Xəzər – elm və innovasiyalar” Şurasının təşkilatçılığı ilə baş tutub.

“Xəzər enerji forumu-2020”-nin əsas məqsədi 2018-ci ilin avqustunda Avazada imzalanan Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya və Xəzəryanı ölkələr arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Saziş əsasında Xəzər regionu ölkələrinin enerji sahəsində səmərəli əməkdaşlığının inkişafına təkan verməkdən ibarət idi.

Forumda geologiya və geofizika, habelə karbohidrogen ehtiyatlarının hasilatı və nəqlində texnologiya innovasiyalarının tətbiqi, enerji infrastrukturunun rəqəmsal transformasiyası sahəsində müştərək layihələrin işlənilməsi və həyata keçirilməsi, Xəzər dənizinin ekoloji təhlükəsizliyini təmin etməklə Xəzəryanı ölkələrin enerji komplekslərində hidrogen texnologiyalarının tətbiqi kimi məsələlər geniş müzakirə edilib.

Müxtəlif ölkələrdən olan nümayəndələrin iştirak etdiyi forumda AMEA-nın birinci vitse-prezidenti, akademiyanın Yer Elmləri Bölməsinin Elmi şurasının sədri, akademik İbrahim Quliyev də iştirak edib. Alim V.Kərimov, R.Mustafayev və A.Hüseynova ilə həmmüəllif olduğu “Xəzər-Qara dəniz regionunun karbohidrogen potensialı” mövzusunda məruzə ilə çıxış edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: