Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

14.12.2020 11:26
  • A-
  • A
  • A+

Dilçi alimlər hesabat veriblər

Dilçi alimlər hesabat veriblər

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Elmi şurasının onlayn iclası keçirilib. İclasda müəssisənin 2020-ci il üçün illik hesabatı dinlənilib.

İclası giriş sözü ilə açan qurumun direktoru, akademik Möhsün Nağısoylu Elmi şura üzvlərini cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və şanlı ordumuzun rəşadəti ilə qazanılan qələbə münasibətilə təbrik edib. Akademik bu qürurlu tarixi öz qanları ilə yazan, vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizə uca Tanrıdan rəhmət, qazilərimizə şəfa diləyib.

İclasda çıxış edən akademik Möhsün Nağısoylu tədqiqat işlərinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı olduğunu deyib. M.Nağısoylu bildirib ki, cari ildə institutda Toponimika sektoru yaradılıb, Orfoepiya normaları hazırlanaraq Nazirlər Kabinetinə göndərilib. Orfoepiya lüğətinin çapa hazırlanması üçün işçi qrupu fəaliyyətə başlayıb.

Sonra müəssisənin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyeva 2020-ci ildə görülən işlər barədə geniş hesabatla çıxış edib. O bildirib ki, bu il institutda 16 kitab, 9 monoqrafiya, 239 məqalə (189-u ölkə daxilində, 50-si xaricdə, o cümlədən 4-ü impakt faktorlu jurnalda) dərc olunub. A.Məşədiyeva qeyd edib ki, hesabat ilində institutun 12 şöbəsində 1 istiqamət üzrə 12 problem, 16 mövzu, 120 iş yerinə yetirilib. 2020-ci il ərzində 4 mövzu və 56 iş tamamlanıb.

Aynel Məşədiyeva 2020-ci ildə tətbiq olunmuş ən mühüm elmi nəticələr sırasında "Orfoqrafiya lüğəti", M.Nağısoylunun "Şühədanamə", Mayıl Əsgərovun “Salam, Azərbaycan!”. A-1 və A-2 – Başlanğıc və Elementar səviyyələr (oxu mətnləri, çalışmalar, tematik lüğət) və “Salam, Azərbaycan!”. B-1 və B-2 – Aşağı orta və orta səviyyələr (oxu mətnləri, çalışmalar, tematik lüğət) elmi əsərlərinin adlarını açıqlayıb. Qeyd edib ki, 2020-ci ildə Dilçilik İnstitutunun ən böyük uğurlarından biri də Azərbaycana aid coğrafi adların ingilis və rus dillərinə transliterasiyası qaydalarının və Azərbaycan dilindən rus, ingilis, fransız, italyan, ispan, alman, fars dillərinə transliterasiya standartlarının hazırlanmasıdır. Bu strateji əhəmiyyətli layihələrin hazırlanmasında Hind-Avropa dilləri şöbəsinin müdiri, professor İlham Tahirov və həmin şöbənin aparıcı elmi işçisi, dosent Gülşən Axundovanın böyük əməyi olub. Azərbaycana aid coğrafi adların rus dilinə transliterasiya qaydaları dosent Gülşən Axundova, ingilis dilinə transliterasiya qaydaları isə professor İlham Tahirov tərəfindən hazırlanıb.

Elmi katib vurğulayıb ki, institutun fəaliyyətini virtual aləmdə əks etdirən dilcilik.az saytı fəaliyyət göstərir və keçirilən tədbirlər, görüşlər, baş verən mühüm hadisələr haqqında xəbərlər burada yerləşdirilir. O, institutun İctimaiyyətlə əlaqələr şöbəsinin fəaliyyətini yüksək qiymətləndirib.

A.Məşədiyeva qeyd edib ki, Dilçilik İnstitutunun bir sıra əməkdaşları daim mətbuatda və televiziyalarda çıxış edir. İclasda, həmçinin institutda keçirilmiş konfranslar, sessiyalar, seminarlar və yubileylər haqqında məlumat diqqətə çatdırılıb.

Daha sonra elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli, professor İsmayıl Məmmədli, dosentlər Kifayət İmamquliyeva, Təranə ŞükürlüElçin İbrahimov hesabatla bağlı fikirlərini bölüşüblər.

İclasda çıxış edən Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullayev müəssisənin illik hesabatını yüksək qiymətləndirib. Akademik qeyd edib ki, Azərbaycan ordusunun böyük zəfərindən sonra Qarabağ ərazisində Dilçilik İnstitutu böyük işlər görməlidir. Onun sözlərinə görə, adları dəyişdirilən toponimlərin bərpası, düzgün yazılışı, sənədləşdirilməsi vacib məsələlərdən biridi və dilçi alimlər həmin ərazilərdə elmi səfərlərdə olmalıdırlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: