Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

14.01.2015 00:00
  • A-
  • A
  • A+

AMEA Xarici dillər kafedrasında kompüterləşdirmə işləri həyata keçirilib

AMEA Xarici dillər kafedrasında kompüterləşdirmə işləri həyata keçirilib

Son dövrlər Azərbaycan elminin daha da inkişaf etdirilməsi, ölkənin sosial-iqtisadi inkişafında rolunun artırılması məqsədilə AMEA-da genişmiqyaslı islahatlar həyata keçirilir. Onlardan biri də elmi kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi ilə bağlıdır.

AMEA prezidenti, akademik Akif Əlizadənin 24 noyabr 2014-cü il tarixdə AMEA Xarici dillər kafedrasının professor-müəllim heyəti ilə görüşü zamanı alimlərimizin dünyada baş verən son elmi yeniliklərdən bəhrələnməsi, beynəlxalq konfranslarda layiqli təmsil olunması, yüksək istinad indeksli beynəlxalq jurnallarda məqalələrinin nəşri, beynəlxalq elmi əməkdaşlıq münasibətlərinin qurulması üçün xarici dil biliklərinin vacib olduğu qeyd edilmişdir. Bunun üçün kafedranın fəaliyyətinin təkmilləşdirilməsi, imtahan və tədris prosesinin müasir standartlara uyğunlaşdırılması, auditoriyaların İKT vasitələri ilə təmin edilməsi, müəllimlərin əməyinin stimullaşdırılması ilə bağlı tapşırıqlar verilmişdir.

Hazırda AMEA Xarici dillər kafedrasında müasir texnologiyaların tətbiqi istiqamətində bir sıra tədbirlər görülür. Kafedranın maddi-texniki bazasının gücləndirilməsi, tədrisin təşkilinin təkmilləşdirilməsi, mövcud tədris vəsaitlərinin rəqəmsallaşdırılaraq distant tədris resurslarına çevrilməsi, bilik və vərdişlərin test üsulu və interaktiv texnologiyalar vasitəsilə qiymətləndirilməsi məqsədilə kafedranın əməkdaşları müasir kompüter texnikası vasitələri ilə təmin edilmiş, kafedranın lokal kompüter şəbəkəsi AzScienceNet Elm Kompüter Şəbəkəsinə qoşulmuşdur.

Kafedrada, eyni zamanda tədrisin keyfiyyətinin yüksəldilməsi və şəffaflığın təmin olunması məqsədilə video-nəzarət sistemi də quraşdırılmışdır ki, bu da tədrisin müasir standartlara uyğun həyata keçirilməsinə imkan verəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: