Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.01.2021 14:13
  • A-
  • A
  • A+

“20 Yanvar - tariximizin şərəf və qəhrəmanlıq salnaməsi” mövzusunda tədbir keçirilib

“20 Yanvar - tariximizin şərəf və qəhrəmanlıq salnaməsi” mövzusunda tədbir keçirilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) “20 Yanvar - tariximizin şərəf və qəhrəmanlıq salnaməsi” mövzusunda tədbir keçirilib.

Tədbirdə çıxış edən Mərkəzi Elmi Kitabxananın direktoru, professor Məmməd Əliyev qanlı 20 Yanvar hadisəsinin müasir tariximizə həm faciə, həm də əzmkarlıq, vətənpərvərlik səhifəsi kimi həkk olunduğunu bildirib. Onun sözlərinə görə, həmin gün Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Vurğulanıb ki, o illərdə 20 Yanvar faciəsinə ilk olaraq öz münasibətini bildirən ümummilli lider Heydər Əliyev olub. Dahi rəhbər Heydər Əliyev 1990-cı il yanvarın 21-də faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedərək Bakıda kütləvi qırğın törətmiş SSRİ rəhbərliyini kəskin şəkildə tənqid edib. SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

Direktor gələcək nəsillərə 20 Yanvar faciəsinin tarixi köklərini və baş vermə səbəblərini çatdırmaqda aparılan elmi araşdırmaların da böyük əhəmiyyətindən danışıb. Qeyd olunub ki, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin 2000-ci ildə yazdığı “Azərbaycanlılara qarşı soyqırımı gerçəklikləri” əsərində 20 Yanvar faciəsinin tarixi, milli, dini və geosiyasi kökləri dərindən araşdırılaraq üzə çıxarılıb, həmin hadisələrin Dağlıq Qarabağ münaqişəsi ilə bağlılığı dərindən təhlil edilib. Geniş tarixi kontekstdə qələmə alınmış həmin əsər Azərbaycan tarixinin, eyni zamanda ən yeni dövr ümumdünya tarixinin öyrənilməsi baxımından mühüm elmi mənbədir. Vurğulanıb ki, 1990-cı ildə birləşən xalq birliyi dəmir yumruq kimi Azərbaycana göz dikənlərin başına endi. 30 ilə yaxın mənfur düşmənlərimiz tərəfindən işğalda saxlanılan tarixi torpaqlarımız Ali Baş Komandanın qətiyyəti, xalqımızın yumruq kimi birliyi sayəsində işğaldan azad edildi. M.Əliyev MEK-də “Qarabağ Qəhrəmanları” fondunun yaradılacağı barədə də ətraflı məlumat verib.

“Azərbaycan öz müstəqilliyini bundan sonra da qoruyacaq, üçrəngli bayrağımız daim əzəmətlə dalğalanacaq. Cənab Prezidentin dediyi kimi, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”, - deyə professor M.Əliyev bildirib.

20 Yanvar hadisələrinin canlı şahidi olan MEK-in kitabxana xidmət üzrə direktor müavini Xuraman İsmayılova XX əsrin tarixdə inqilablar, xalqların azadlıq mübarizəsi əsri kimi yadda qaldığını, Azərbaycan xalqının bu əsrdə iki dəfə öz müstəqilliyi uğrunda mücadiləyə qalxdığını qeyd edib. O, 20 Yanvarın Azərbaycanın müstəqillik tarixindəki rolundan və bu yolda canından keçən, şərəf və layəqəti hər şeydən uca tutan şəhidlərin qəhrəmanlığından danışıb.

Sonra 20 Yanvar faciəsi zamanı şəhid olmuş 19 yaşlı Rahim Babayevin ailə üzvü, MEK-in əməkdaşı Asya Tofiqlinin çıxışı dinlənilib. O, bildirib ki, Rahim şəhidlik zirvəsinə ucaldığı zaman çox gənc olmasına baxmayaraq, vətənə sadiq, torpağa bağlı idi: “Bu gün onu deyə bilərəm ki, artıq onun və bütün şəhidlərimizin ruhu şaddır. Üstündə qanı olan üçrəngli bayrağımız indi Qarabağda dalğalanır”.

Tədbirdə MEK tərəfindən hazırlanan 20 Yanvar hadisələrini əks etdirən video nümayiş etdirilib.

Sonda faciəyə həsr olunmuş kitablardan ibarət sərgiyə baxış keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: