Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

29.01.2021 20:29
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxana Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi ilə əməkdaşlığa start verib

Mərkəzi Elmi Kitabxana Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi ilə əməkdaşlığa start verib

Yanvarın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının direktoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri İrek Zinnurov və mərkəzin direktor müavini Aleksandr Kalamin ilə görüşüb.

Görüşdə iştirak edən AMEA Prezidenti Katibliyinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Əmirov qonaqları AMEA prezidenti, akademik Ramiz Mehdiyev adından salamlayaraq, akademiya ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi arasında əməkdaşlıq əlaqələrindən danışıb.

Görüşdə professor Məmməd Əliyev Mərkəzi Elmi Kitabxananın tarixi və fəaliyyəti barədə qısaca məlumat verərək burada iki milyona yaxın kitabın saxlandığını, müxtəlif dövrlərə və dillərə aid nəşr və əlyazmaların qorunduğunu bildirib. Həmçinin qorunan nəşrlərin ən qədiminin XVI əsrin əvvəllərinə aid olduğunu qonaqların diqqətinə çatdırıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi ili” elan olunduğunu qeyd edən MEK rəhbəri bu çərçivədə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi ilə əməkdaşlıq məsələlərinə dair qonaqlarla fikir mübadiləsi aparıb.

Görüş zamanı İrek Zinnurov Rusiyanın tarixini əks etdirən dəyərli nəşri – “Россия Державная” adlı kitabı MEK-ə hədiyyə edib.

Sonra qonaqlar kitabxananın müxtəlif şöbə və fondları ilə tanış olublar. Professor Məmməd Əliyev 44 günlük Vətən müharibəsi zamanı əzəli Azərbaycan torpaqlarının işğaldan azad olunmasında göstərdikləri şücaətlərə görə ölkəmizin igid oğullarının adlarını əbədiləşdirmək üçün MEK tərəfindən yaradılacaq “Qarabağ qəhrəmanları fondu” haqqında rusiyalı qonaqlara məlumat verib. Bununla yanaşı, qonaqlar Azərbaycan Milli Elmlər Akademiyasının təsisçilərinin büstləri, təsisçi və akademiklərin portretlərinin olduğu akademik zal, Ümummilli liderin, ölkə başçısı İlham Əliyevin fəaliyyətini əks etdirən kitablar əsasında qurulan Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsi, ölkəmizin xaricdəki nümayəndəliklərinin kitabxanaya etdikləri hədiyyələrdən ibarət diplomatik və  “Müasir Rusiya nəyi oxuyur?” adlı rus klassiklərinin əsərlərindən bəhs edən guşələrlə də tanış olublar. 

Kitabxananın direktoru Məmməd Əliyev Qarabağın tarixindən bəhs edən “Qarabağ - əsrlərin salnaməsi” və Çingiz Qacarın Azərbaycanın mədəniyyət mərkəzi Şuşa şəhəri barədə “Köhnə Şuşa” adlı dəyərli kitabları qonaqlara hədiyyə edib.

İrek Zinnurov MEK-in xatirə kitabında öz ürək sözlərini bölüşərək kitabxananın fəaliyyətini yüksək qiymətləndirib.

Sonda qonaqlar yüksək səviyyədə təşkil olunan görüşə və qonaqpərvərliyə görə Milli Elmlər Akademiyası və kitabxana rəhbərliyinə öz təşəkkürünü bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: