AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti onlayn iclası keçirilib.
Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev açaraq rəhbərlik etdiyi qurumun fəaliyyət planının müzakirəsi çərçivəsində cari ildə şöbələrdə görüləcək işlər, aparılacaq elmi tədqiqatlar və həyata keçiriləcək layihələr barədə məlumatların veriləcəyini diqqətə çatdırıb.
Akademik institutun qlobal elmi mühitə inteqrasiyası, əməkdaşların elmi-nəzəri fəaliyyətinin gücləndirilməsi və kadr potensialının artırılması istiqamətində işlərin aparılmasının vacibliyini vurğulayıb.
R.Əliquliyev bildirib ki, aktual problemlərin aşkar olunması, dərin elmi araşdırmaların aparılması və əldə olunan nəticələrin “Scopus”, “Web of Science” kimi nüfuzlu bazalara daxil olan yüksək istinad indeksli, impakt faktorlu jurnallarda çap olunması hər bir şöbənin qarşısında duran mühüm vəzifə olmalıdır.
Alim hər bir şöbə əməkdaşına elmi fəaliyyətlərini stimullaşdırmağı və rəqabətədavamlı tədqiqatlarla məşğul olmağı tövsiyə edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.