15-19 mart 2021-ci il tarixlərində ABŞ-ın Lourens Berkli adına milli laboratoriyasında keçiriləcək beynəlxalq konfransa AMEA-nın Fizika İnstitutunun icraçı direktoru, Milli Nüvə Tədqiqatları Mərkəzinin şöbə müdiri, fizika elmləri doktoru Anar Rüstəmov sədrlik edəcək.
Qeyd edək ki, pandemiya ilə əlaqədar bu ilki konfrans onlayn təşkil olunacaq. Avropa Nüvə Təqdiqatları Təşkilatı (CERN), Almaniyanın Ağır İonların Elmi Tədqiqatları Mərkəzi, Amerika Birləşmiş Ştatlarının Lourens Berkli adına milli laboratoriyası və Rusiya Federasiyasının Birləşmiş Nüvə Tədqiqatları İnstitutu kofransın təşkilində iştirak edirlər.
CPOD (Critical Point and Onset of Deconfinement) silsilə konfransdır və indiyə kimi Almaniya, ABŞ, Rusiya, Polşa, Çin və Yunanıstanda keçirilib. Konfransın əsas məqsədi müxtəlif enerjili nüvə toqquşmalarında yaranmış adron mühitinin xassələrini, bu sahədə yerinə yetirilmiş nəzəri və təcrübi işləri müzakirə etməkdir. Tədbirdə son illərdə ALICE, HADES, NA61/SHINE və STAR təcrübələrində alınmış son nəticələr müzakirə ediləcək və onların nəzəri işlərlə müqayisəli təhlili yerinə yetiriləcək. Həmçinin yaxın gələcəkdə planlaşdırılan FAIR və NICA kompleksləri və onların planları göstəriləcək.
Konfransla bağlı daha ətraflı məlumatı buradan ala bilərsiniz.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.