Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

02.02.2021 09:53
  • A-
  • A
  • A+

Qarabağın general-qubernatoru – Xosrov bəy Sultanov

Qarabağın general-qubernatoru – Xosrov bəy Sultanov

Azərbaycan Xalq Cümhuriyyəti Qarabağın bütün tarixi ərazisini respublikanın ayrılmaz tərkib hissəsi sayır və burada siyasi hakimiyyətinin bərqərar edilməsinə çalışırdı. Azərbaycan Xalq Cümhuriyyətinin sülhsevər siyasətinə baxmayaraq, ermənilər Qarabağda hakimiyyətə nail olmaq üçün əvvəllər başladıqları soyqırımı siyasətini davam etdirirdilər. Cümhuriyyət hökuməti yaranmış vəziyyəti nəzərə alaraq, 1919-cu il yanvarın 13-də "Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarına general-qubernator təyin edilməsi haqqında" qərar qəbul etdi. Yanvarın 15-də Milli Şuranın növbəti iclasında qəzalara müvəqqəti general-qubernatoru vəzifəsinə əslən Qarabağdan olan, bu əraziyə və onun əhalisinə yaxşı bələd olan Azərbaycan Cümhuriyyətinin ilk yaradıcılarından və onun birinci hökumətində hərbi nazir olmuş Xosrov bəy Sultanov təyin edildi.

Xosrov bəy Sultanov (1879-1943) 1879-cu ilin may ayında Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin, Qasımuşağı obasının Qurddağı kəndində (indiki Laçın rayonu) anadan olmuşdur. O, Odessada (Novorossiysk) Tibb fakültəsində təhsil alıb. Bir müddət "Müsavat", sonradan isə "İttihad" partiyasının üzvü olub.

1918-ci ilin mayın 27-də Azərbaycan Milli Şurasının üzvü seçilib. Həmin ilin mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi bəyannaməsinə imza edənlərdən biri də X.Sultanov olub. Mayın 28-də Baş nazir Fətəli Xan Xoyskinin formalaşdırdığı ilk hökumət kabinəsində X.Sultanov hərbi nazir vəzifəsinə təyin edilib. O, bundan əvvəl Zaqafqaziya Seyminin və sonradan Azərbaycan Parlamentinin üzvü idi. Azərbaycan hökumətinin formalaşdırdığı ikinci və üçüncü kabinələrdə o, Əmək naziri vəzifəsini yerinə yetirib. Azərbaycanın ilk Hərbi naziri vəzifəsini qısa müddətə icra etdikdən sonra X.Sultanov F.Xoyskinin başçılığı altında formalaşan Azərbaycanın ikinci və üçüncü hökumətində Torpaq naziri təyin edilib.

Qeyd edək ki, Xosrov bəyin Qarabağın general-qubernatoru vəzifəsinə təyinatını ermənilər istəmirdi. Onun qardaşı Sultan bəy Sultanovun da ermənilərə qarşı mübarizə apardığını bilirdilər. Ona görə də erməni mətbuatı və Xarici İşlər Nazirliyi bir çox dövlətlərə müraciət edib öz narahatlıqlarını bildirirdilər. Hətta onlar Qarabağ qubernatorluğunun ləğv olunması üçün xarici havadarlarından kömək istəyirdilər. Bununla əlaqədar AXC-nin Xarici İşlər Nazirliyi bir neçə nota vermiş və Qarabağın, Zəngəzur qəzasının qədim Azərbaycan-türk torpağı olduğunu bildirmişlər. 3 aprel 1919-cu il tarixində tarixi həqiqətlər qarşısında aciz qalan ingilis komandanlığı bəyanat verərək Andranikin qoşunlarının buradan çıxarılmalı olduğunu və Xosrov bəyin Qarabağın general-qubernatorluğunu qəbul etdiklərini bildirmişlər.

X.Sultanov 1919-cu ilin fevralında Şuşaya gələrək, vəzifəsinin icrasına başladı. Azərbaycan hökumətinin qəti addımlarından narahat olan Ermənistan belə bir şəraitdə Dağlıq Qarabağa açıq iddia ilə çıxış etdi. Ermənistan Respublikasının etirazına, ingilis və amerikanlarla gərgin münasibətlərə baxmayaraq, Qarabağda qarşıya qoyulan vəzifələrin həlli sahəsində mühüm işlər görüldü. Ermənilər isə Qarabağda etnik təmizləmə siyasətini davam etdirməyə cəhd göstərir, Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarında azərbaycanlılara qarşı aramsız olaraq qırğınlar törədirdilər. General-qubernator X.Sultanov separatçılara qarşı qətiyyətlə mübarizə aparırdı.

X.Sultanov Qarabağın general-qubernatoru vəzifəsinə başlayarkən xalqa müraciət ünvanladı. Həmin müraciətdə o, başçılıq edəcəyi qurumun fəaliyyəti haqqında xalqı bilgiləndirdi.

1919-cu ilin 11 fevralında "Azərbaycan" qəzetində çap olunan yazı belə adlanırdı: "Müvəqqəti general-qubernator X.Sultanovun Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzalarının əhalisinə müraciəti (11 fevral 1919-cu il)".

Müraciətdə yazılırdı: "Azərbaycan hökumətinin yanvar ayı qərarı ilə Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzaları xüsusi general-qubernatorluğa ayrılmışdır. Bu fövqəladə tədbirlər fövqəladə vəziyyətdən irəli gəlmişdir. Azərbaycanın təqribən yarısında, onun ən yaxşı hissəsi - 4 qəza - artıq bir ilə yaxındır ki, anarxiya ucbatından dağılır. Şəxsi firavanlığı yüksək ideal sayan məsuliyyətsiz elementlərin rəhbərliyi altında olan bandalar diyarı viranə qoyur; kəndləri yandırır, əhalini qırır, on minlərlə yurdsuz-yuvasız qadın və uşaq qaçqın düşmüşdür, yuxarıda göstərilən elementlər milli ədavət yayırlar. Əhalidən ümumi siyasi vəziyyət gizlədilir. Bu şəxslər öz şəxsi mənafelərini güdür, öz cəhdlərini partiya ideya forması donuna salırlar.

Öz həyatını xalqa xidmətə sərf etmiş ictimai xadim kimi mən milli mənsubiyyətindən asılı olmayaraq hamıya eyni münasibət göstərməyi, ciddi ədalət və qanunçuluq mövqeyində dayanmağı hakimiyyətin borcu sayıram. Azərbaycanın müstəqilliyi, ərazi toxunulmazlığı, şəxsiyyətin ciddi məsuliyyəti və əmlak toxunulmazlığı - diyarın həyatı bu əsaslar üzərində qurulacaqdır".

X.Sultanov general-qubernator vəzifəsinə başlayanda bölgədə acınacaqlı durum var idi. Onun 1919-cu ilin fevralın 15, 16, və 17-də qəza rəisləri və ictimai xadimlərinin iştirakı ilə keçirdiyi ümumbölgə müşavirəsində məlum olurdu ki, indiyədək Zəngəzurda 166 kənd dağıdılmış, onların əhalisinin 30 faizi məhv edilmişdi. Bu müşavirədə Andronikin silahlı dəstəsinin bölgədən çıxarılması qəti olaraq qərara alındı.

Həmin dövrdə, 1919-cu ildə keçirilən Novruz bayramında erməni-daşnak hərbi dəstələri Qarabağa yeganə keçid olan Əsgəranı zəbt etmişdilər. Amma daşnak generalı Dronun hərbi dəstələri Xosrov bəyin başçılıq etdiyi Azərbaycan əsgərləri tərəfindən may ayının 30-da darmadağın edilmiş, Xankəndi və Şuşa düşməndən geri alınmışdı.

X.Sultanovun başçılığı ilə keçirilən digər əməliyyatda isə (1919-cu ilin iyununda) Şuşaya gizli yolla silah aparan erməni milli şurasının üzvləri həbs edilərək Qarabağ ərazisindən çıxarılmışdı.

X.Sultanov Qarabağda daşnak Andronik başda olmaqla, erməni quldur dəstələrilə amansız mübarizəyə başladı, təhlükəli yerlərdə milli ordunun əsgərlərindən ibarət mühafızə dəstəsi yaratdı, erməni milli şurası üzvlərinin Azərbaycandan çıxarılmasına nail oldu. Azərbaycan hökumətinin hərbi və diplomatik tədbirləri nəticəsində martın axırlarında - apreldə ermənilərin Qarabağdakı düşmənçilik fəaliyyətinin qarşısı alındı. Qarabağda hadisələrin bu yöndə inkişafında Azərbaycan Xalq Cümhuriyyətinə qarşı təcavüzkarlıq planlarını həyata keçirməyə hazırlaşan Sovetlərin və bolşeviklərin ölkə daxilində apardığı pozuçuluq-təxribatçılıq işləri də mühüm rol oynadı. Aprel işğalı (1920) və Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qarabağ general-qubernatorluğunun fəaliyyətinə də son qoyuldu.

Həmin ilin sentyabrında Azərbaycan hökuməti burada yaşayan ermənilərə mədəni muxtariyyət verdi. Xosrov bəy Sultanov Aprel işğalından sonra mühacirətdə yaşamış, "İttihad" partiyasının liderlərindən biri kimi partiyanın xarici ölkələr bürosunu formalaşdırmağa və ittihadçıları bir təşkilat ətrafında cəmləşdirməyə çalışmışdır.

X.Sultanov 1920-ci ilin 27 aprelində Azərbaycan  Rusiya bolşevikləri tərəfindən işğal edildikdən sonra Türkiyəyə getmiş, çətin mühacirət həyatı yaşamışdır. O, Azərbaycanın azadlığı mübarizəsini Türkiyədən başqa İranda, Fransada, Almaniyada davam etdirmişdir. O, 1926-cı ildə Parisdən İrana gedərək, burada İttihadın Tehran və Təbriz komitələrini yaratmışdı.

1936-cı ildə Türkiyəyə qayıtmış və Trabzonda, İstanbulda  yaşamışdır. 1943-cü ildə, yanvar ayının 7-də dünyasını dəyişmişdir. Məzarı İstanbulun "Fəriköy" qəbiristanlığındadır.

Milli mənəvi dəyərlərimizin qoruyucusu olan Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr Fondunda Xosrov bəy Sultanovun foto-şəkli qorunur. Qrup halında olan şəkildə AXC qurucularının da şəkli əks olunub. Bundan başqa, fondda AXC parlamenti bitərəflər fraksiyasının bəyanatı mühafizə olunur, hansı ki bu sənəddə Xosrov bəy Sultanovun da imzası var.

Aynur BABAYEVA, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: