Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

03.02.2021 14:43
  • A-
  • A
  • A+

“Dahi Nizaminin humanizm və vətənpərvər ideyaları” mövzusunda tədbir keçirilib

“Dahi Nizaminin humanizm və vətənpərvər ideyaları” mövzusunda tədbir keçirilib

Ədliyyə Nazirliyində gənc ədliyyə işçiləri və könüllüləri ilə “Dahi Nizaminin humanizm və vətənpərvər ideyaları” mövzusunda videoformatda tədbir keçirilib. Cari ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi ilə bağlı qüdrətli söz və fikir ustadının əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlərinin aşılanması məqsədilə keçirilən tədbirdə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov da iştirak edib.

Tədbirdə qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasəti Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Bu gün ölkəmizdə sağlam düşüncəli, mənəvi cəhətdən saf və dövlətçilik ideyalarına sadiq, vətənpərvər yeni nəsil formalaşıb, gənclərin cəmiyyətdə fəallığı və idarəetmədə rolu artmaqdadır. Bildirilib ki, gənclərimiz Vətən müharibəsinin ilk günündən könüllü ordu sıralarına qoşularaq torpaqlarımızın azadlığı uğrunda qəhrəmanlıq və şücaət göstərib, informasiya müharibəsində də fəallıq nümayiş etdiriblər. 44 günlük zəfər yürüşündə gənc ədliyyə və məhkəmə işçiləri, könüllüləri də fədakarlıq göstəriblər. Ədliyyə orqanlarında çalışan gənclərin bilik, bacarıq və potensialından səmərəli istifadə edilməsi məsələləri daim diqqət mərkəzində saxlanılır, onların milli-mənəvi dəyərlərə sadiqlik və vətənpərvərlik ruhunda inkişafına, bu sahədə maarifləndirmə işinə önəm verilir.

Tədbirdə çıxış edən Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfov cari ilin ölkəmizdə “Nizami Gəncəvi İli”nin elan olunmasının klassik ədəbi-mədəni irsimizə dövlətimiz tərəfindən göstərilən diqqət və qayğının bariz təzahürü olduğunu qeyd edib. Alim dahi Nizaminin zəngin yaradıcılığının öyrənilməsi və təbliğinin əhəmiyyətini gənclərin diqqətinə çatdırıb. Bildirib ki, öz dövrünün humanist mütəfəkkiri olan Nizaminin bütün əsərlərində, o cümlədən dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanan “Xəmsə”də milli təəssübkeşlik, vətənpərvərlik, dövlətçilik ənənələri, ədalət prinsipi, poemalarının hər birinin süjetindəki mənəvi-əxlaqi dəyərlər indiki zaman üçün də öz aktuallığını qoruyub saxlayır.

Tədbirdə gənclərin rəy və təklifləri dinlənilib, gələcək fəaliyyətləri ilə bağlı fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: